"Bu, Azərbaycan futbolunu yaşatmaq üçün son çağırışdır"

"Göyqurdlar" Azarkeş Birliyi AFFA prezidenti Rövşən Nəcəfə məktub ünvanlayıb.
"Mediasport" xəbər verir ki, əsasən milli komandaların oyunları zamanı tribunalarda yer alan fanat ordusu yığma ilə bağlı bəzi tələbələrlə çıxış ediblər.
Müraciəti olduğu kimi təqdim edirik:
1. Seleksiya işlərinin şəffaf və obyektiv meyarlar əsasında aparılması
Futbolçuların milli komandaya seçim prosesi şəffaflıq prinsipi əsasında əvvəlcədən AFFA tərəfindən müəyyən edilmiş obyektiv meyarlara əsaslanmaqla aparılmalıdır.
Öz klubunda əsas heyətdə oynamayan futbolçuların yığmaya çağırılması dayandırılmalıdır. Milli komanda karyera və təcrübə qazanmaq üçün yox, layiq olanların təmsil olunduğu yer olmalıdır.
2. Kapitanlıq məsələsi
Milli komandanın kapitanı aşağıdakı obyektiv meyarlar əsasında seçilməlidir:
Azərbaycan Respublikasının dövlət dilində öz fikrini sərbəst ifadə edə bilməsi;
Milli komandada digərlərinə münasibətdə daha uzunmüddətli təcrübəsinin olması;
Liderlik bacarıqlarının mövcud olması.
3. Milliləşdirilmiş oyunçularla bağlı məsələ
Milliləşdirilmə siyasətinə son qoyulmalı və Azərbaycan Respublikasına bağlılığı olmayan milliləşdirilmiş futbolçular mərhələli şəkildə yığmadan uzaqlaşdırılmalıdır.
4. Dövlət gerbinin forma üzərinə qaytarılması
Milli komandanın formasında Dövlət Gerbi rəsmi şəkildə öz yerini almalıdır. Dünya təcrübəsində bir çox ölkə Milli yığma komandanın formasında Dövlət Gerbindən istifadə etməkdədir.
5. AFFA İcraiyyə Komitəsi ilə bağlı çağırış
Futbol və futzal ictimaiyyətinə aid olmayan şəxslərin İcraiyyə Komitəsində yer almaması ilə bağlı Nizamnamədə müvafiq dəyişikliklər edilməlidir.
Azarkeşlərə milli futbol idarəçiliyində rəsmi iştirak hüququ tanınmalıdır. Azarkeşlərin müəyyən etdiyi şəxsin İcraiyyə Komitəsində yer alması ilə bağlı müvafiq Nizamnamədə müvafiq dəyişikliklər edilməlidir.
Qeyd edilənlər nəzərə alınmaqla hazırkı İcraiyyə Komitəsinin vaxtından əvvəl buraxılması və yeni seçkilərin keçirilməsi vacibdir.
6. AFFA daxilində davam edən köhnə sistem təsirlərinin tam aradan qaldırılması
AFFA-nın Aparatının işçilərinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq attestasiyası keçirilməlidir. Attestasiyadan keçə bilməyən şəxslərlə müvafiq olaraq əmək müqaviləsinə xitam verilməlidir. Azərbaycan futbolunun idarəedilməsi ilə bağlı məsul vəzifələrdə yalnız bilik və bacarıqları buna imkan verən şəxslər çalışmalıdır.
7. Gənc futbolçuların yetişdirilməsi ilə bağlı fəaliyyət planı
Gənc futbolçuların yetişdirilməsi üçün növbəti 5 ili əhatə edən fəaliyyət planı təsdiq edilməlidir.
Fəaliyyət planının icrasına nəzarət üçün klub akademiyalarına AFFA tərəfindən məsul şəxslər təyin olunmalıdır. AFFA tərəfindən müəyyən edilmiş meyarlara əsasən Klub akademiyalarında mütəmadi monitorinqlər aparılmalıdır.
Fəaliyyət planının icrası üzrə görülən işlər ölçülə bilən meyarlar əsasında qiymətləndirilməlidir. Hər ilin yekununda fəaliyyət planının icrası ilə bağlı AFFA ictimaiyyətə açıq hesabat təqdim etməlidir.
Hörmətli Rövşən Nəcəf,
Bu sadalanan məsələlər sadəcə tələb yox, azarkeşlərin futbol adına verdiyi son səs, son çağırışdır. Azərbaycan futbolunu yaşatmaq üçün bu dəyişikliklərə dərhal ehtiyac var. Əks halda stadionlarda səslənən “Azərbaycan” sədaları – yerini böyük səssizliklə əvəz edəcək”.