"Qarabağ" və "Neftçi" azarkeşləri mərkəzi stadionu dolduracaq?
Azərbaycan Premyer Liqasının 8-ci turu derbi ilə əlamətdar olacaq.
"Mediasport" xəbər verir ki, oktyabrın 17-də "Qarabağ" - "Neftçi" görüşü keçiriləcək.
Hər iki komandanın iddialı olması "Azərbaycan derbisi"nə marağı xeyli artırıb.
Ağdam klubundan redaksiyamıza verilən məlumata görə, bilet satışı davam edir.
Respublika stadionunda baş tutacaq qarşılaşmaya paytaxt klubu tərəfdarlarının da diqqəti böyükdür.
Bu mənada oyunda Tofiq Bəhramov adına Respublika stadionunda ajiotaj yaşanacağı gözlənilir.
Qeyd edək ki, standart biletlərin qiyməti 5 manat, VIP biletlərin qiyməti isə 15 manatdır.
Biletləri iTicket.az platforması vasitəsilə onlayn əldə etmək mümkündür.
Oyun günü isə azarkeşlər QR biletlərini stadionun kassalarından və ya iTicket.az saytından ala biləcəklər.
Stadiona giriş yalnız QR biletlə mümkün olacaq. Azarkeşlərdən qeydiyyat zamanı şəxsi məlumatlarını düzgün daxil etmələri xahiş olunur.
Stadionun qapıları azarkeşlər üçün matçın başlanmasına 120 dəqiqə qalmış açılacaq.
Şənbə günü reallaşacaq duel saat 19:00-da start götürəcək.

