Regionda inqilabi qərar verildi: Şəhərin iki klubu birləşdirildi
Şirvan futbolunda ciddi dəyişiklik olub.
"Mediasport" xəbər verir ki, 20 illik futbolsuzluq fasiləsindən sonra fəaliyyətə başlamış "Şirvan" fK və "Şirvan" OİK böyük ənənəsi olan şəhər futbolunun inkişafı naminə mühüm addım atıb.
Bu barədə "Şirvan" FK açıqlama yayıb:
"Atılan mühüm addım barədə ictimaiyyətin və hər iki klubun azarkeşlərinin diqqətinə çatdırırıq ki, "Şirvan" FK və "Şirvan" OİK rəhbərliklərinin qarşılıqlı razılığı əsasında bu gündən etibarən vahid klub şəklində fəaliyyətlərini davam etdirmək qərarı qəbul edib.
Bu qərar hər iki klubun tarixini, ənənələrini və qazandığı dəyərləri qorumaqla yanaşı, Şirvan şəhərində futbolun daha güclü təmsil olunması, mövcud potensialın bir mərkəzdə birləşdirilməsi, infrastrukturun inkişafı, gənc futbolçuların yetişdirilməsi və qarşıya qoyulan idman hədəflərinə daha effektiv şəkildə çatmaq məqsədi daşıyır.
Yeni mərhələdə fəaliyyət göstərəcək vahid klub hər iki kollektivin zəngin irsini özündə birləşdirəcək, şəhərimizi ölkə futbolunda daha layiqli şəkildə təmsil etmək üçün bütün imkanlarını səfərbər edəcək.
Bu birləşmə heç bir klubun tarixinin sona çatması deyil. Əksinə, bu, iki dəyərli yolun ortaq məqsəd naminə birləşərək daha güclü gələcək qurması deməkdir.
İnanırıq ki, bu addım Şirvan futbolunun inkişafında yeni bir dövrün başlanğıcı olacaq.
Bu günə qədər hər iki kluba dəstək göstərən azarkeşlərimizə, veteran futbolçularımıza, məşqçilərimizə, tərəfdaşlarımıza və şəhər ictimaiyyətinə təşəkkürümüzü bildiririk.
İnanırıq ki, bundan sonra da eyni birlik və inamla vahid klubumuzun yanında olacaq, uğurlarımızı birlikdə qeyd edəcəyik.
Yeni hədəflər, yeni uğurlar və daha güclü Şirvan futbolu naminə bu yola birlikdə çıxırıq".
Xatırladaq ki, "Şirvan" FK 2024/2025-ci illər mövsümündə debüt etdiyi AFFA Region Liqasında finala qədər irəliləməklə pley-offa çıxaraq 2-ci Liqaya vəsiqə əldə etmişdi.
Aranlılar 2025/2026-cı illər mövsümündə 12 komandalı liqada mübarizə ruhu ilə 40 xal toplayaraq 4-cü pilləni tutub.
"Şirvan" OİK isə AFFA Regon Liqasında çıxışını davam etdirib.


