"Kubokun qalibi üçün hər hansı pul mükafatı nəzərdə tutulmayıb”
“Bu müqavilə həm Peşəkar Futbol Liqası, həm də Azərbaycan futbolu üçün yeni mərhələdir. Buna qədər bir neçə şirkətlə danışıqlarımız olmuşdu. Lakin müəyyən mərhələyə qədər".
"Mediasport" xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev deyib.
Qurum rəsmisi PFL-lə “Avrora” arasında Azərbaycan Kubokunun sponsorluğu ilə bağlı müqavilə imzalanması mərasimindən sonra media önünə çıxıb. O, kubokun qalibi üçün pul mükafatının ayrılmadığını bildirib:
“Müəyyən planlarımız var. İndi bütün sirlərin üstünü açmaq istəməzdim. Premyer Liqada ayın qolu olduğu kimi, kubokda da mərhələnin ən yaxşı qolunu qolunu seçməyi düşünürük. Seçim sponsor şirkət tərəfindən aparılacaq. Media nümayəndələri ilə bağlı da planlarımız var. Lakin kubokun qalibi üçün hər hansı pul mükafatı nəzərdə tutulmayıb”.
PFL rəsmisi sponsorluq müqaviləsinin 1 illik olmasının səbəbini belə izah edib: “Bu, ilkin mərhələdir. Gələcəkdə əməkdaşlığımız uzunmüddətli də ola bilər”.
S.Abdullayev I və II Liqa üçün də sponsor axtarışlarının davam etdiyini bildirib: “Kuboka sponsor tapmaqla tilsimi sındırdıq. I və II Liqa ilə bağlı da planlarımız var. Ümid edirik ki, həmin turnirlərlə bağlı da danışıqlarımız müsbət yekunlaşacaq”.
Xatırladaq ki, PFL və "Avrora" şirkəti arasında bu gün müqavilə imzalanıb.
