Astrit Hasani Kamran Nəbizadə və Firdovsi Umudovla görüşdü

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasani ölkəmizə səfəri çərçivəsində Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə və vitse-prezident Firdovsi Umudovla görüşüb.
"Mediasport" xəbər verir ki, AAF rəhbərliyi ilə birgə milli komandalarımızın təlim-məşq bazasına gələn Astrit Hasani burada idmançılar üçün yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, təlim-məşq bazasında atletlərin yerləşməsi, qidalanması, reabilitasiyası və hazırlıq keçməsi üçün bütün zəruri şərait yaradılıb.
Söhbət zamanı yaxın günlərdə Bakıda keçirilməsi planlaşıdırılan beynəlxalq məşqçi seminarının təşkili məsələləri müzakirə edilib. Seminarda əcnəbi məşqçilərlə yanaşı antidopinq sahəsi üzrə mütəxəssislərin də iştirakı nəzərdə tutulub.
Eyni zamanda Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Avropa üzrə Ağırlıqqaldırma mərkəzi statusuna sahib olan Azərbaycanda digər mötəbər tədbirlərin təşkili perspektivlərindən də danışılıb.
Daha sonra rəsmi qonağa Şüvəlanda yerləşən Ağırlıqqaldırma mərkəzi haqqında, həmçinin burada keçirilmiş beynəlxalq və ölkə miqyaslı yarışlar barədə məlumat verilib. Qeyd olunub ki, mərkəzdə irimiqyaslı yarışlarla yanaşı, seminar və təlimlərin təşkili üçün hər bir şərait yaradılıb.
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasani mövcud infrastrukturun idmanın inkişafı üçün önəmli olduğunu vurğulayıb. O, qeyd edib ki, Azərbaycanda idmana dövlət səviyyəsində böyük dəstəyin göstərilməsi nümunəvi addımdır.
Görüş zamanı Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasani, Kamran Nəbizadə və Firdovsi Umudova federasiyanın xatirə medallarını verib.
Kamran Nəbizadə öz növbəsində milli ornamentlərimizlə bəzədilmiş xüsusi hədiyyəni AAF adından Astrit Hasaniyə təqdim edib.