“İİV-ə yoluxma həyat tərzi problemi deyil” - MÜSAHİBƏ
"Mediasport" “Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin sədri Zülfiyyə Mustafayevanın xüsusi müsahibəsini təqdim edir.
İnsanın immunçatışmazlığı virusu (İİV) ilə bağlı ictimai tədbirlər 10 il bundan əvvəl daha intensiv idi. Mediada daha çox yazılırdı. İndi niyə sakitçilikdi? Bu tədbirlərə daha ehtiyac yoxdu?
- İİV barədə ictimai maarifləndirməyə hər zaman ehtiyac var. Sadəcə, indi insanlar informasiya texnologiyaları dövründə müxtəlif mənbələrdən məlumat ala bilir. Bilimsizlik vəziyyəti yoxdu. Digər tərəfdən, əvvəllər ictimai layihələr müxtəlif dövlət qurumları tərəfindən həyata keçirlirdi. Bu fəaliyyət isə AİDS, Vərəm və Malyariya üzrə Qlobal Fond (QF) tərəfindən maliyyələşirdi. Ümimiyyətlə, QF 2006-cı ildən ölkəmizdə İİV-ə cavab tədbirlərinin gücləndirilməsi üçün maliyyə ayırır. Amma zaman keçdikcə, ölkənin də üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi zərurəti yaranır. Müxtəlif dövlət qurumları artıq öz büdcəsində İİV-lə bağlı maarifləndirməyə vəsait ayırmalıdı. Onlar bu fəaliyyəti yerinə yetirmədiyi üçün ictimai maarifləndirmə tədbirlərinin də sayı azalır, yaxud heç həyata keçirilmir.
Amma QF proqramı ölkədə davam edir.
- Bəli, vətəndaş cəmiyyəti təşkilatları QF-un zərərin azaldılması proqramları çərçivəsində işini davam etdirir. Qeyri-hökumət təşkilatları (QHT) bu fəaliyyətini dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində qurur. Proqramın əsas resipiyenti Səhiyyə Nazirliyidi. QHT-lər Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) ilə sıx tərəfdaşlıq çərçivəsində risk qrupları arasında İİV-in profilaktikasını həyata keçirir. Profilaktika proqramları müxtəlif QHT-lər tərəfindən 3 hədəf qrupu arasında təşkil olunur. Bizim layihədə də hədəf qrupu olan seks xidməti göstərən qadınların (SBİ) profilaktika, müayinə və müalicəyə yönəldilməsi, qoruyucularla təmin edilməsi həyata keçirilir.
Risk qrupu nümayəndələrinin həyat tərzi onların İİV-ə yoluxması ilə nəticələnirsə, həyat tərzini dəyişmək daha doğru deyilmi?
- İİV-ə yoluxma həyat tərzi problemi deyil. Tibbi problem də deyil. Davranış problemidi. İnsan harada olmasından və hansı həyat tərzini sürməsindən asılı olmayaraq davranışlarını təhlükəsiz etməldi, özünü qorumalıdı. Biz özümüzü qorumaqla, həm özümüzün, həm də yaxın adamlarımızın sağlamlığını təmin edirik. Təşkilatımız İİV, narkotiklərlə mübarizə sahəsində indiyədək müxtəlif fəaliyyətlər, davamlı layihələr həyata keçirib, dövlət qurumları ilə əməkdaşlıq edib, hədəf qrupları arasında profilaktika aparıb. Profilaktika işlərinə əsasən şprislərin dəyişdirilməsi, qoruyucuların paylanması, İİV barədə məlumatın verilməsi daxil edilib. Eyni zamanda, sosial müşayiət, ARV terapiyaya sadiqliyun təbliği, narkotik istifadəçisi olan qadınların arasında hamiləliklərin idarə olunması və s. təşkilatın hazırda həyata keçirdiyi zərərin azaldılması proqramlarının əsasını təşkil edir. Məsələn, 2006-cı ildən indiyədək layihəyə cəlb olunan inyeksion narkotik istifadəçisi olan qadınlar arasında 21 hamiləlik halı üzrə 22 körpənin (bir hamiləlik əkiz uşaqların doğumu ilə nəticələnib) doğum halı idarə edilib, hamiləliklərin və doğumun dövlət qurumlarının nəzarəti altında olmasına səy göstərilib. Layihələrdə həmçinin hüquqi dəstək nəzərdə tutulur və bu da peşəkar hüquqşünasların cəlb edilməsi yolu ilə həyata keçirilir.
Zərərin azaldılması proqramları yoluxucu xəstəlik olaraq təkcə İİV-ə müayinəni nəzərdə tutur?
- Əslində bu proqram çərçivəsində digər yoluxucu xəstəliklərin də müayinəsi həyata keçirilir. Hepatitlər, sifilis, vərəm də hədəf qruplarının müayinəsi zamanı yoxlanılır. Ümumiyyətlər, bu proqram müxtəlif dövlət qurumları, özəl sektor və beynəlxalq təşkilatlarla birlikdə uğurlu maarifləndirmə və profilaktika işlərini özündə birləşdirir. Həmçinin maarifləndirmə və profilaktika işləri üzrə peşəkar kadr potensialının hazırlanması və gücləndirilməsi, milli bacarıqların formalaşdırılması, səmərəli əməkdaşlıq nümunələri, beynəlxalq əməkdaşlıq, müvafiq qanunvericilik və normativ-hüquqi aktların hazırlanması üzrə dövlət qurumlarının fəaliyyətində təşəbbüskarlıq da bizim fəaliyyətə daxildi.
Məsələn, bizim təşkilat “İİV haqqında qanun” layihəsinin hazırlanmasında iştirak edib, İİV üzrə beynəlxalq konfransların keçirilməsi üçün təşkilat komitələrinin üzvü olub, zərərin azaldılması üzrə peşəkar işçi komanda formalaşdırıb, ölkədə İİV-ə self test üzrə pilot layihəni həyata keçirən ilk iki təşkilatdan biri olub. Görülən işlər həm də mediada işıqlandırılıb.


