Yığmamız Gürcüstana yollandı
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının 1-ci təsnifat mərhələsində (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) iştirak etmək üçün Gürcüstana yola düşüb.
"Mediasport" xəbər verir ki, 22-25 oktyabr tarixlərində Rustavi şəhərində keçiriləcək yarışda komandamıza Gökhan Edman rəhbərlik edəcək.
Yığmamız A qrupunda Polşa və Latviya voleybolçularına qarşı çıxış edəcək.
Digər qrupda Estoniya, Gürcüstan, Ermənistan və Ukrayna komandaları yer alacaqlar.
Reqlamentə əsasən, qruplarda 1-ci yeri tutacaq komandalar (A1–B1) turnirin qalibini müəyyənləşdirmək üçün həlledici oyunda qarşılaşacaqlar.
Qruplarda 2-ci və 3-cü yerləri tutacaq komandalar isə müvafiq olaraq A2-B2 və A3-B3 qarşılaşmalarında turnirdəki yekun sıralamalarını müəyyənləşdirəcəklər.
A1-B1 qarşılaşmasının qalibi 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq. 2, 3 və 4-cü yerləri tutacaq komandalar qitə çempionatının 2-ci təsnifat mərhələsində iştirak hüququ əldə edəcəklər.

