Peşə etikasına tüpürən adamın özünə bənzəyən komandası...
Azərbaycan futbolunda dünyada analoqu nadir görünən daha bir "unikal" hadisə yaşanıb.
Premyer Liqanın 21-ci turunun Yevlaxda keçirilmiş "Karvan-Yevlax" - "Araz-Naxçıvan" qarşılaşmasında meydan sahiblərinin legioneri Samuel Dürrant heç bir əvəzetmə və ya hakimin göstərişi olmadan - zədələndiyini əsas gətirərək meydanı icazəsiz tərk edərək birbaşa paltardəyişmə otağına yollanıb.
Bir neçə ay əvvəl Azər Həşimovun baş məşqçi postundan rəsmən getməsini gözləmədən qeyri-peşəkarcasına "sükan" arxasına keçən Füzuli Məmmədovun komandası məcburiyyətdən qalan 10 dəqiqəni 10 nəfərlə başa vurub.
Belə qeyri-peşəkar, həvəskar, qeyri-ciddi, sözün həqiqi mənasında başdansovdu komanda niyə Elitada oynamalıdır sualını versək, bölgəsevərlər yanlış düşüncəyə qərq olarlar.
Gözəl insanlar, dövlətin ayırdığı 2,5 milyon manatla yayda heyətə yararsız və yerlilərdən heç də fərqlənməyən 15-16 (!) əcnəbi futbolçu gətirən, 2 aya yaxın iki ayrı baş məşqçisi olan, çempionatda 21 tura cəmi 6 xal toplamaqla sonuncu yeri tutan, yaxud baş məşqçinin əvəzetmə istədiyi futbolçusu meydandan çıxmayan klub, siz deyin, nəyə görə Premyer Liqada olmalıdır?
Təkcə bölgəni təmsil edir, ona görə? Allah kəssin bölgəni belə təmsil etməyi...
"Karvan-Yevlax" sürətli gedişlə 1-ci liqaya yol alıb və açığı, aşağı yuvarlanmanı hərtərəfli haqq edir.
2-3 ay əvvəl peşə etikasına zərrə hörmət etmədən - Azər Həşimov baş məşqçi postunda ola-ola burada baş məşqçiliyə razılıq verən Füzuli Məmmədov da ilahi ədalətlə üz-üzə qalıb.
Öz həmkarına sayğısız davranışın başqa nətiicəsi ola da bilməzdi, zatən.
Gedişi bəlkə də an məsələsidir. Necə deyərlər, nə tökərsən aşına, o da çıxar qaşığına...
Bu "Karvan-Yevlax" 20 il əvvəlki "Karvan" ola bilmədi. Bütün Azərbaycanın rəğbətini, sevgisini qazanmış o "Karvan" həqiqətən Azərbaycan futboluna maraq, rəng, intriqa gətirmişdi.
Keçmiş olsun, dəyərli yevlaxlılar.
Mediasport.com.az
