Azərbaycanda hakimləri söyən klub rəhbərinə 4 matçlıq cəza verildi

Azərbaycanda hakimləri söyən klub rəhbərinə 4 matçlıq cəza verildi

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

"Mediasport" xəbər verir ki, iclasda  2-ci liqanın 8-ci tur oyunlarında baş verən intizamsızlıqlara görə cəzalar açıqlanıb.

“Hypers” – “Ağdaş” matçı başa çatdıqdan sonra “Ağdaş” klubunun rəhbəri Ruslan Hüseynov hakimləri təhqir etdiyi üçün 4 oyunluq cəzalandırılıb. “Ağdaş” klubu isə 1000 manat cərimə olunub.

“Şirvan” – “Ağstafa Gəncləri” qarşılaşmasının 85-ci dəqiqəsində “Şirvan”ın baş məşqçisi Pərviz Bayramov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan qovulub. O, 1 oyunluq diskvalifikasiya edilib, klubu isə 250 manat cərimələnib.

"Şəmkir” – “Difai” matçının 88-ci dəqiqəsində “Şəmkir”in futbolçusu Elçin Qasımov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. O, 3 oyunluq cəzalandırılıb, “Şəmkir” klubu isə 300 manat məbləğində cərimə olunub.

 “Şəki”– “Zəngəzur” oyununda “Zəngəzur” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə klub 150 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Dinamo” görüşünün 70-ci dəqiqəsində qonaqların futbolçusu Valeh Seyidov birbaşa qırmızı vərəqə aldıqdan sonra yenidən rəqibə qarşı təcavüzkar davranıb. İntizam Komitəsinin qərarı ilə futbolçu 4 oyunluq cəzalandırılıb, klubu isə 300 manat cərimə edilib.