Yığmalarımızın türkiyəli baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ
Basketbol üzrə qadınlardan ibarət əsas Azərbaycan milli komandasının baş məşqçisi Evren Alkaya ilə yollar ayrılıb.
Bu barədə "Mediasport"a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Türkiyəli mütəxəssislə əməkdaşlığın qarşılıqlı razılıq əsasında başa çatdığı bildirilib.
2022-ci ildən Azərbaycan Basketbol Federasiyasında fəaliyyət göstərən Evren Alkaya bu müddətdə qadınlardan ibarət əsas milli komandamıza, həmçinin U16, U18 və U20 qız yığmalarımıza rəhbərlik edib.
O, baş məşqçi kimi yığmaları 70-dən çox rəsmi FİBA qarşılaşmasına çıxarıb.
Onun rəhbərliyi altında U16 qızlardan ibarət milli komandamız 2023 və 2024-cü illərdə Avropa çempionatının C divizionunda ardıcıl iki dəfə çempion olub, U18 millimiz isə 2024-cü ildə C divizionunda gümüş medal qazanıb.


