Maqsud Adıgözəlov Ayxan Abbasova necə "badalaq" vurdu? - ŞOK SƏBƏB "Mediasport"da

Maqsud Adıgözəlov Ayxan Abbasova necə "badalaq" vurdu? - ŞOK SƏBƏB "Mediasport"da

Ötən mövsümü icarə əsasında "Şamaxı"da keçirmiş Rauf Rüstəmlinin yayda bölgə klubunda qalmamasının şok səbəbi məlum olub.

Bununla bağlı "Mediasport"a "Sabah"dan maraqlı informasiya verilib.

Masazır təmsilçisinə məxsus 22 yaşlı yarımmüdafiəçinin "şirlər"in düşərgəsində qalmamasını şəxsən Maqsud Adıgözəlov istəməyibmiş.

"Sabah" klubunun rəhbəri və AFFA İcraiyyə Komitəsinin üzvü bu qərarı ilə "Şamaxı" və milli komandanın baş məşqçisi Ayxan Abbasovdan bir növ acığını çıxıb.

Adıgözəlovun Abbasovun əleyhinə çıxmasına gəlincə, qəzəbin əsası ötən mövsümün əvvəlində qoyulub, yayadək davam edib.

Məsələ burasındadır ki, ötən mövsümün startından qapıçı axtaran "bayquşlar"ın gözü "şirlər"in qolkiperi Rikardo Fernandeşə düşüb.

Lakin Adıgözəlov portuqaliyalını yanvarda buraxması üçün Ayxan Abbasova üz tutsa da, rədd cavabı alıb.

"Sabah"ın bossuna bildirilib ki, Fernandeşin klubla müqaviləsi yayda başa çatacaq, o zaman futbolçunun özü və meneceri ilə əlaqə saxlaya bilərlər.

Ayxan Abbasovun təklifindən pəjmürdə olan Adıgözəlov qışda əlimyandıda qazaxıstanlı Stas Pokatilovu gətizdirib və yaya qədər gözləyib.

Mövsümün sonunda növbəti dəfə pireneyli üçün "Şamaxı"ya üz tutan Maqsud bəy yenidən "yox"la üzləşib. Bu dəfə qolkiperin özü "Sabah"a keçmək istəməyib.

Baş məşqçisi Ayxan Abbasovdan komandada qalmasını istəyib-istəmədiyini soruşan Fernandeş "sən bizim əsas qapıçımızsan" cavabını alınca, cüzi maaş artımı ilə klubunu dəyişməmək fikrində olduğunu deyib.

Səs-küydən uzaq, ailəsi ilə birlikdə sakit həyata üstünlük verdiyini və bu səbəbdən Şamaxıda yaşamağı seçdiyini deyən əlcək sahibi beləcə yola "Şamaxı" ilə davam qərarı verib.

Bundan bərk qəzəblənən Maqsud Adıgözəlov "Şamaxı"ya icarəyə verilən Rauf Rüstəmlinin mövsümün əvvəlində yenidən bu komandaya buraxılmamasını tapşırıb.

Klubdan U-21 millisinin üzvünə deyilib ki, "Şamaxı"dan başqa hansı komandada oynamaq istəyirsə, gedə bilər.

Beləcə, Rauf Rüstəmli təkliflər arasından daha çox şans qazana biləcəyi "Sumqayıt"ın yolunu tutub.

Ayxan Abbasova kini soyumayan Maqsud Adıgözəlov bununla kifayətlənməyib, mütəxəssisin U-21-dən əsas milli komandanın baş məşqçi postuna gətirilməsinə qarşı çıxıb.

Ancaq məcburiyyətdən lehinə olanların say çoxluğundan susmağa üstünlük verib.