"Tvente"nin baş məşqçisi: "Bakıda ağır məğlubiyyət almışdıq"

"Tvente"nin baş məşqçisi: "Bakıda ağır məğlubiyyət almışdıq"

"Qurban Qurbanov "Lex"də çalışdığım vaxt qarşılaşdığım həmin məşqçidir. Bir klubda bu qədər uzun müddət işləmək çox gözəl haldır. Bu, belə bir məşqçinin səviyyəsi haqqında nəsə deyir. Beş il əvvəl "Lex"lə Bakıda 1:5 hesabı ilə ağır məğlubiyyət almışdıq. Həmin vaxt onların fərdi keyfiyyətləri yüksək olan daha güclü futbolçuları var idi. İndi də bundan ehtiyatlı olmalıyıq".

"Mediasport" xəbər verir ki, bu sözləri UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq Niderlandın "Tvente" klubunun baş məşqçisi Yon van den Brom deyib.

60 yaşlı mütəxəssis sabah Enşxededə reallaşacaq ilk oyun öncəsi baş tutan mətbuat konfransında fikirlərini bölüşüb.

2022/2023-cü illər mövsümündə rəhbərlik etdiyi Polşanın "Lex" klubu ilə Bakıda aldığı ağır məğlubiyyəti xatırladan çalışdırıcı çətin oyun öncəsi azarkeşlərin dəstəyinə ehtiyacları olduğunu bildirib:

"Rəqibimiz son illərdə Konfrans Liqasından daha yüksək səviyyədə oynayıb. Bu, "Qarabağ"ın keyfiyyəti barədə çox şey deyir.

"Qarabağ" cənubi Avropa və cənubi amerikalı oyunçuların böyük təsiri olan komandadır. Onlar çox vaxt topa sahib olmağa çalışırlar.

Fikrimcə, bizim də istədiyimiz oyunu sərgiləməyə şansımız var. Dominant olmaq, topa nəzarət etmək və azarkeşlərimizin dəstəyi ilə rəqibi müdafiəyə sıxmaq istəyirik.

Maksimum nəticə əldə etmək üçün azarkeşlərimizə çox ehtiyacımız var".

Xatırladaq ki, "Tvente" - "Qarabağ" matçı sabah Bakı vaxtilə saat 22:00-da başlanacaq.

Cavab qarşılaşması gələn həftə Bakıda olacaq.