"Üzərində işləməli olduğumuz məqamlar kifayət qədərdir"
"Hazırlıq baxımından yaxşı oyun keçirdik. Heyətdə çoxlu yeni futbolçular var. Həmçinin bəzi taktiki gedişləri də sınamaq istədim".
"Mediasport" xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov deyib.
O, Türkiyənin İsparta şəhərində Bəhreyn yığmasına qarşı keçirilən yoxlama oyunundan (3:0) sonra fikirlərini bölüşüb:
"Bu gün komandada çox şey yaxşı alındı. Amma yenə də üzərində işləməli olduğumuz məqamlar kifayət qədərdir.
Bu, vaxt və zəhmət tələb edən prosesdir.
Lorenzo Mezzotero və Qurban Səfərovun ilk qollarını vurmalarına çox sevindim. Hər bir qələbə bizim üçün önəmlidir. Çünki bu, komandada qalibiyyət ruhunun formalaşmasına kömək edir".
U-21 millimiz iyunun 10-dək Türkiyədə təlim-məşq toplanışında olacaq.
Yığma iki gün sonra - iyunun 9-da Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı növbəti yoldaşlıq oyununa çıxacaq.
"Sav" stadionunda baş tutacaq matç Bakı vaxtilə saat 18:00-da start götürəcək.


