AFFA "Turan Tovuz"a qarşı səhv qərar verən Ağayevi "cəzalandırdı"
AFFA Hakimlər Komitəsi Əliyar Ağayevi "cəzalandırıb".
Federasiyadan "Mediasport"a verilən məlumata görə, FİFA referisi Premyer Liqanın 11-ci turunun "Zirə" - "Turan Tovuz" oyununda buraxdığı nöqsana görə "məcburi istirahətə" göndərilib.
Premyer Liqanın 12-ci turunun heç bir görüşünə təyinat almayan 38 yaşlı ədalət təmsilçisi "Turan Tovuz"un əleyhinə çıxardığı səhv qərara görə Hakimlər Komitəsinin sədri Frank De Blekerenin qəzəbinə tuş gəlib.
Belçikalı funksioner ötən tur sonrası mübahisəli məqamları şərh edərkən referinin səhvə yol verdiyini açıqlayıb.
Xatırladaq ki, Zirə qəsəbəsində keçirilmiş matçın baş hakimi tovuzluların müdafiəçisi Roderik Millerə kəllə vuran meydan sahiblərinin futbolçusu Brahim Konateyə qırmızı vərəqə göstərsə də, VAR-a baxaraq qərarını "sarı"ya dəyişib.
Yanlış qərar haqlı olaraq sonradan "Turan Tovuz" klubunun etirazına səbəb olub. Çünki hadisələr ilk hissənin sonlarında cərəyan edirdi və qırmızı vərəqə qərarı qüvvədə qalsaydı, birbaşa nəticəyə təsir edə bilərdi.
Matç 0:0 hesabı ilə yekunlaşıb.
