Bakıda veloyürüş təşkil olundu
Ümumdünya Velosiped Günü münasibətilə Bakı şəhərində velosiped yürüşü təşkil olunub.
"Mediasport" xəbər verir ki, Dövlət Bayrağı Meydanından start götürərək eyni məkanda başa çatan tədbirdə peşəkar idmançılarla yanaşı, həvəskar velosipedsevərlər də iştirak ediblər.
Marşrut Dənizkənarı Bulvar boyunca davam edib.
Yürüş çərçivəsində iştirakçılara Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) müxtəlif ölkələrin velosiped federasiyalarına təqdim etdiyi maarifləndirici materiallar nümayiş etdirilib.
Məqsəd velosiped idmanının inkişafına dəstək vermək, həmçinin velosipedin gündəlik istifadə üçün səmərəli nəqliyyat vasitəsi kimi üstünlükləri barədə məlumatlılığı artırmaq olub.
Tədbirdə velosipedin ekoloji baxımdan təhlükəsiz, iqtisadi və davamlı nəqliyyat növü olduğu diqqətə çatdırılıb.
İştirakçılar şəhərlərdə velosiped infrastrukturunun genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq, bunun həm ətraf mühitin mühafizəsinə, həm də sağlam həyat tərzinin təşviqinə müsbət təsir göstərdiyini qeyd ediblər.
BMT Baş Assambleyasının 2018-ci ilin aprelində qəbul etdiyi qərara əsasən, hər il iyunun 3-ü Ümumdünya Velosiped Günü kimi qeyd edilir.
Bu tarix münasibətilə dünyanın müxtəlif ölkələrində velosiped istifadəsinin təşviqi, yol təhlükəsizliyi ilə bağlı maarifləndirmə və dayanıqlı nəqliyyatın inkişafına yönəlmiş tədbirlər keçirilir.





