AVF-nin İcraiyyə Komitəsinin növbəti, 4-cü iclası keçirildi

AVF-nin İcraiyyə Komitəsinin növbəti, 4-cü iclası keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyası İcraiyyə Komitəsinin növbəti, 4-cü iclası keçirilib.

"Mediasport" xəbər verir ki, federasiya prezidenti Zaur Axundov əvvəlcə 10-14 may tarixlərində təşkil olunacaq “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışına hazırlıq işləri barədə danışıb.

Təşkilat Komitəsinin sədri, federasiyanın 1-ci vitse-prezidenti Sahib Ələkbərov bildirib ki, “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışında iştirak edəcək 25 komanda iştirakını təsdiqləyib.

Onların içərisində 1 dünya turu, 7 Pro-kontinental, 16 kontinental və Azərbaycan yığma komandası yer alır.

Bundan başqa, velosiped yarışının bütün məlumatlarını özündə əks etdirən rəsmi sayt (www.bakukhankendi.az) da hazırlanıb və izləyicilərin istifadəsinə verilib.

Hazırlıq çərçivəsində marşrutlar üzrə infrastrukturun hazırlıq səviyyəsi cari ilin 18-24 fevral tarixlərində yarışın texniki direktoru Roland Hofer və təhlükəsizlik üzrə menecer Andre Noyman tərəfindən yerli mütəxəssislərlə birlikdə yenidən yoxlanılıb.

Sahib Ələkbərov “Eurosport” kanalı ilə bütün mərhələləri canlı yayımlanacaq “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışının ölkəmizin turizm və idman potensialının, beynəlxalq idman tədbirlərinin təşkili sahəsində əldə etdiyi təcrübənin, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və inkişaf proseslərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətini xüsusi olaraq vurğulayıb.

Federasiyanın icraçı vitse-prezidenti Fikrət Hüseynov İcraiyyə Komitəsinin son iclasından keçən dövr ərzində görülən işlər və keçirilən tədbirlər barədə məlumat verib.

O, bildirib ki, Elm və Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində respublikanın 15 bölgəsində velosiped bölmələri açılıb və aktiv fəaliyyət göstərir.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Lənkəran, Gəncə və Mingəçevir şəhərlərində yerləşən universitetlərin tələbələrinə, həmçinin Gəncə şəhərində şəhid və qazi övladlarına velosipedlər hədiyyə olunub və proses bundan sonra da davam etdiriləcək.

Bundan başqa, mart ayında görüləcək işlər və keçiriləcək tədbirlərlə bağlı da iclas iştirakçılarına məlumat verilib.

İclasda federasiyanın fəaliyyəti ilə bağlı digər məsələlər də müzakirə olunub və müvafiq qərarlar qəbul edilib