"Bilmirik rəqibə, yoxsa hakimlərə qarşı mübarizə aparaq" - EMİN

"Bilmirik rəqibə, yoxsa hakimlərə qarşı mübarizə aparaq" - EMİN

"Mediasport" Premyer Liqanın 22-ci turunun "Şamaxı" ilə səfər matçından (2:2) sonra jurnalistlərin suallarını cavablandıran "Neftçi"nin kapitanı Emin Mahmudovun müsahibəsini təqdim edir.

Oyun haqda nə deyə bilərsiniz?

- Birinci hissədə istədiyimiz oyunu sərgiləyə bilmədik. İkinci yarıda özümüzə gəldik, epizodlar yaratdıq. Qələbəyə çox yaxın idik. Amma hiss olunur ki, hakimlər bizim qalib gəlməyimizi istəmədi. Sanki bizə qarşı problemləri var. Hər oyundan sonra sakit qalırıq. Bizim qapımıza penalti verilir, sonra açıqlama çıxır ki, bu penalti deyildi. Yenə eyni situasiya baş verir, yenə eyni sözlər deyilir. Amma xallar gedir, çempionat bitir. Bu, biabırçılıqdır. Komanda yoldaşlarıma təşəkkür edirəm, möhtəşəm xarakter göstərirlər.

Bu hallar bir neçə dəfə yaşanıb, sizcə, nədən qaynaqlanır?

- Bilmirəm, yəqin ki, hakimlər səhv edir. Amma bunları yalandan “səhv” adlandırmaq olar. Bir dəfə olsa, başa düşərəm. Mövsümün əvvəlindən bu cür qərarlara görə xallar itirmişik. İndi ilk üçlükdə ola bilərdik. Amma yenə də davam edirik, mübarizə aparacağıq. Komanda yoldaşlarımın möhtəşəm xarakteri var. Bəzən bilmirik rəqibə, yoxsa hakimlərə qarşı mübarizə aparaq.

“Neftçi”də hamıya qarşı mübarizə aparacaq güc var?

- İnşallah, var. Davam edəcəyik və hər kəsə qarşı mübarizəmizi aparacağıq.

Yeni transfer Breno Almeyda ilə meydanda bir-birinizi yaxşı başa düşdüyünüz hiss olundu. Gələcək oyunlarda bu anlaşmanın qol və ötürmə baxımından faydalı olacağını düşünürsünüz?

- Bəli. Almeyda çox keyfiyyətli oyunçudur. İnşallah, bizə böyük xeyir verəcək.