Kurban Berdıyev yayda Moskva "Spartak"ının baş məşqçisi olacaq?

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyevin adı Moskva "Spartak"ı ilə birgə hallanır.
"Mediasport" xəbər verir ki, Rusiya milli komandasının sabiq müdafiəçisi Vladimir Qranat mütəxəssisi bu vəzifəyə təklif edib.
Veteran futbolçu türkmən məşqçinin uğursuz dönəm yaşan "Spartak" üçün ən ideal variant olduğunu bildirib:
"Mənə görə, Berdıyev ideal namizəddir. Onun kimi məşqçinin Rusiya Premyer Liqasında işləməsində maraqlıyam. Qayıtsa, əla olar. İnanıram ki, Berdıyevin gəlişi "Spartak" çox fayda verər".
Qeyd edək ki, Moskva təmsilçisi Premyer Liqanın başa çatmasına 2 tur qalmış 51 xalla 5-ci pillədə qərarlaşıb və lider "Krasnodar"dan 10 xal aralı düşüb.
Tovuz klubunun 2024-cü ilin iyununda 72 yaşlı məşqçi ilə "2+1" illik müqavilə bağladığını xatırladaq.