“Qurban Qurbanov həqiqətən də "Qarabağ" üçün əfsanəvi fiqurdur”

"Qarabağ"a 53 yaşlı azərbaycanlı mütəxəssis Qurban Qurbanov rəhbərlik edir. O, həqiqətən də "Qarabağ" üçün əfsanəvi bir fiqurdur. Çünki 2008-ci ildən bu yana – artıq 17 ildir ki, komandaya rəhbərlik edir!".
"Mediasport" xəbər verir ki, bu fikirlər Ukraynanın "Metallist 1925" klubunun rəsmi saytında yer alıb.
Ukrayna klubunun mətbuat xidməti bu gün Avstriya toplanışında rəqib olacaqları "Qarabağ" haqda yazı hazırlayıb.
Ağdam şəhəri barədə də fikirlərin yer aldığı yazıda klubun Azərbaycanda çempionluq sayında rekordçu olduğu qeyd edilib, uğurlarından bəhs olunub:
"Komanda 12 dəfə çempion olub. Bundan əlavə, 8 dəfə ölkə kubokunu qazanıb. Son 10 ildə klub Azərbaycan futbolunda dominantlıq edir, daima avrokuboklarda çıxış edir. Özü də yaxşı səviyyədə. "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində oynamış yeganə Azərbaycan komandasıdır".
"Qarabağ" Ağdam şəhərini təmsil edir, lakin uzun illərdir burada oyun keçirmir. Çünki bu ərazi uzun müddət ölkənin nəzarətində deyildi. Lakin 2023-cü ildə "Qarabağ" 1990-cı illərin əvvəllərindən bəri ilk dəfə doğma şəhərində (əslində Xankəndidə - red.) oyun keçirdi. Bununla belə, komanda hələ də ev oyunlarının əksəriyyətini paytaxt Bakı şəhərində oynayır".
Baş məşqçi Qurban Qurbanovun fəaliyyəti haqda bu fikirlər yer alıb:
"Kluba müasir futbolda bu cür sədaqət nadir hallarda olur. Son illərdəki bütün əsas uğurları məhz Qurban Qurbanovun adı ilə bağlıdır. 2017–2018-ci illərdə o, həm klubda, həm də milli komandada eyni anda çalışıb".
Məqalədə "Qarabağ"ın ən dəyərli futbolçularının Kadi Borges, Leandro Andrade və Nəriman Axundzadənin olduğu bildirilib.