“ExpoSport Azerbaijan 2026” idmanın təbliğinə hesablanıb

 “ExpoSport Azerbaijan 2026” idmanın təbliğinə hesablanıb

"Bu sərginin keçirilməsində əsas məqsəd idmanımızın təbliğidir. Çox sevindirici haldır ki, burada çoxlu sayda uşaqlar, məktəblilər, tələbələr və müxtəlif yaş kateqoriyalarından olan insanlar iştirak edirlər".

"Mediasport" xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.

Nazir “ExpoSport Azerbaijan 2026” sərgisində jurnalistlərə açıqlama verərək bildirib ki, Bakı bu il dünyanın idman paytaxtıdır və ölkəmizdə müxtəlif beynəlxalq tədbirlər, dünya və Avropa çempionatları, eləcə də digər mötəbər yarışlar keçirilir.

O qeyd edib ki, əvvəlcə böyük idman sərgisinin – “SportAccord” tədbirinin keçirilməsi planlaşdırılsa da, regionda baş verən müəyyən məsələlərə görə bu tədbir ilin əvvəlində təxirə salınıb.

Nazir tədbirin gələn il Azərbaycanda keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

F.Qayıbov deyib ki, bu il idman sərgisinin təşkili qərara alınıb və idman federasiyaları bu təşəbbüsü maraqla qarşılayıblar. Sərgidə federasiyalarla yanaşı, idman şirkətləri də iştirak edir.

Nazir sərgidəki stendlərin maraqlı olduğunu, federasiyaların fərqlənməyə çalışdıqlarını bildirib. Onun sözlərinə görə, təşkilatların bir-biri ilə əlaqə qurması və birlikdə çalışması idmanda əldə olunan nəticələrə də müsbət təsir göstərir.

O, Azərbaycanda idmanın inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu və son 30 ildə bu sahədə mühüm nailiyyətlər əldə edildiyini vurğulayıb.