"Turan Tovuz" avrokuboklardan kənarda qalacaq? - AÇIQLAMA

"Turan Tovuz" avrokuboklardan kənarda qalacaq? - AÇIQLAMA

"Bizə klubun avrokuboklara buraxılmayacağı ilə bağlı UEFA-dan hər hansı məlumat daxil olmayıb".

"Mediasport" xəbər verir ki, bunu "Azərtac"a açıqlamasında "Turan Tovuz"un İdarə Heyəti sədrinin müavini Nəsimi Paşayev deyib.

Klub rəsmisi komandanın Konfrans Liqasının təsnifat mərhələsi üçün hazırlığı davam etdirdiyini söyləyib:

"Komanda hazırda istirahətdədir. Futbolçular bir neçə gündən sonra toplaşaraq avrokubokların hazırlıqlarına başlayacaqlar.

Bu yaxınlarda UEFA nümayəndələri Tovuz şəhər stadionuna baxış keçirdilər. Görülən işləri araşdıran rəsmilər yenidənqurma prosesinin yüksək səviyyədə təşkil olunduğunu vurğuladılar".

Xatırladaq ki, "Xitab24" saytı başa çatan mövsüm Premyer Liqada 3-cü olan tovuzluların UEFA Konfrans Liqasında çıxış hüququndan məhrum edilə biləcəyi barədə məlumat yayılıb.

Qeyd olunub ki, buna səbəb kimi 2019-cu ildə komandanın 7 futbolçusunun nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı və onların futbolla bağlı bütün növ fəaliyyətlərinə ömürlük qadağa qoyulması göstərilib.