“Uşaq Hüquqlarının Qorunması” mövzusunda seminar keçirildi

“Uşaq Hüquqlarının Qorunması” mövzusunda seminar keçirildi

“Uşaq Hüquqlarının Qorunması” layihəsi çərçivəsində Bakı şəhəri 238 nömrəli tam orta məktəbdə maarifləndirici seminar təşkil olunub. Tədbir layihənin mentor və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin layihə əsaslı öyrənmə üzrə eksperti Ofeliya Qafarova tərəfindən həyata keçirilib.

"Mediasport" xəbər verir ki, seminarın əsas məqsədi şagirdlər arasında uşaq hüquqları barədə məlumatlılığın artırılması, onların təhlükəsiz və sağlam mühitdə inkişafının təşviq olunması, həmçinin futbol və digər idman fəaliyyətlərində hüquqların qorunmasının əhəmiyyətinin izah edilməsi olub.

Tədbir zamanı iştirakçılara azyaşlıların hüquqlarının əsas prinsipləri, təhlükəsiz davranış qaydaları, zorakılıq və ayrı-seçkiliyin qarşısının alınması yolları barədə ətraflı məlumat verilib.

Seminar interaktiv formatda təşkil olunaraq şagirdlərin aktiv iştirakı təmin edilib, real situasiyalar üzərindən müzakirələr aparılıb və onların fikirləri dinlənilib.

Bu cür maarifləndirici görüşlər uşaqların hüquqlarını daha yaxşı anlamalarına, özlərini təhlükəsiz hiss etmələrinə və cəmiyyətin fəal üzvü kimi formalaşmalarına töhfə verir.

Bu təşəbbüs çərçivəsində sessiyaların digər məktəblərdə də davam etdirilməsi planlaşdırılır.