Ayxan Abbasovdan PFL-ə cavab: "Bilmədim etik olmayan nədir"

Ayxan Abbasovdan PFL-ə cavab: "Bilmədim etik olmayan nədir"

"Azarkeşlər üçün maraqlı oyun oldu. "Neftçi" kimi komandadan xal almaq yaxşıdır. Rəqib yaxşı formadadır. Məncə, bir xala layiq idik. Bəzi anlarda biz, bəzi anlarda onlar üstün oldu".

"Mediasport" xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis Premyer Liqanın 22-ci turunun "Neftçi" ilə matçı haqda danışıb, 2:2 hesablı heç-heçəni şərh edib: 

Abubakarın birinci qolunun müdafiənin səhvinin olduğunu düşünürsünüz?

- Hücumda olanda top itirdik və rəqib əks-hücumda bizi yaxaladı. Futbolçular da çox yorulmuşdu. Son ayda 4 gündən bir oynayırıq. Eyni heyət olur demək olar. Ən problem o oldu ki, hücuma çıxanda topu itirdik.

Qarşıda "Qarabağ"la kubok oyunu var. Bu matç görüşə necə təsir edəcək?

- Çətin olacaq. Futbolçularıma inanıram. Belə sıx qrafikdə oynamağa öyrəşməliyik. Bütün dünyada belə hal var. Süni örtüklü meydançada məşq edir, futbol oynayırıq. Buna görə bərpa məsələsi çətindir. İtirəcəyimiz nəsə yoxdur, qazana bilərik. Buna görə mübarizə aparacağıq.

Qubada "İmişli" ilə oyunda qapıların hündürlüyü ilə bağlı fikir bildirmişdiniz. Lakin PFL açıqlama verdi və bir növ sizi qınadı...

- Təəssüf edirəm ki, PFL mənə cavab verdi. Məndən əvvəl o meydançada oynayan məşqçilər sərt açıqlamalar vermişdilər, amma PFL-dən reaksiya gəlməmişdi. Səhv etmirəmsə, deyirlər ki, danışığım etik olmayıb. Bu etik məsələsini tapa bilmədim, bilmədim etik olmayan nədir.

Həmin matçda top iki dəfə qapı dirəyinə dəydi. Qapıçı ilə danışdım, dedi qapını hiss edirdim. İkinci hissədə 12 sm torpaq töküb, problemi aradan qaldırırlarsa, hara gedirik? Məsələn, Bəhlul Mustafazadə o arenada zədələndi. Çox arqumentlər var.

Meydançamızı təmizləməyə minnət edirlər. PFL nə vaxt gəlib meydança təmizləyib? Reqlament var. Bu gün olmayacaqdı, sabah olacaqdı. Biz nə demişik?

"İmişli" ilə səfərdə oynayan bütün komandalar qapıyla bağlı etirazlarını bildiriblər. Mən öz komandamdan da danışıram, meydançanın örtüyü dəyişməlidi, işıqlandırma olmalıdır.

Biz nəyəsə don geyindirmirik. PFL-dən xahiş edirəm, desinlər, etikanı harda pozmuşam?

Məndən əvvəl danışan məşqçilərin cavabını niyə vermədilər bəs?