Azərbaycan komandası Avropa Universitet Oyunlarında finala çıxdı
Azərbaycan İdman Akademiyasının (ASA) futzal komandası İtaliyanın Salerno şəhərində keçirilən Avropa Universitet Oyunlarında yarımfinal matçına çıxıb.
"Mediasport" xəbər verir ki, komandamız finala gedən yolda İspaniya kollektivi ilə qarşılaşıb.
Əsas vaxtı 3:3 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında qalib gələn Azərbaycan təmsilçisi finala vəsiqə qazanıb.
Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan universiadada ölkəmiz futzalla yanaşı, stolüstü tennis üzrə də təmsil olunur.
Qeyd edək ki, Azərbaycan İdman Akademiyasının komandasının Avropa Universitet Oyunlarında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, AFFA-nın, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının, Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının və ASA-nın dəstəyi ilə təmin olunub.


