"Elə etməliyik ki, top daha çox bizdə qalsın" - Millimizin üzvü

"Elə etməliyik ki, top daha çox bizdə qalsın" - Millimizin üzvü

"Fiziki hazırlığımız yaxşıdır, çalışırıq ki, yeni ildə doğma meydanda keçirəcəyimiz ilk oyunları qələbə ilə başa vuraq. Düzdür, yoldaşlıq oyunları komandanı rəsmi matçlara hazırlamaq üçündür, ona görə bəzən nəticə ikinci plana keçir. Əsas məqsəd baş məşqçinin tapşırıqlarını meydanda düzgün yerinə yetirməkdir".

"Mediasport" xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin üzvü Oktay Rüstəmli deyib.

Fitzalçı federasiyanın mətbuat xidmətinə açıqlamasında komandanın hazırlığı haqda danışıb:

"Yanvarın 18-dən məqşlər qrafik üzrə həyata keçirilir. Heyətimizdə gənc oyunçuların da yer alıb. Baş məşqçinin müəyyən tələbləri var, əsas istəyi müdafiədə diqqətli olmaq, səhvsiz oynamaq və sürətli hücuma çıxmaqdır.

Elə etməliyik ki, top daha çox bizdə qalsın, məşqlərdə bunların üzərində işləyirik. Standart vəziyyətlərlə bağlı tapşırıqları yerinə yetiririk, nəzəri məşğələlər də olur".

O.Rüstəmli komandanın fiziki durumunun yaxşı olduğunu və azarkeşləri sevindirmək istədiklərini vurğulayıb:

"Danimarka millisi son illərdə inkişafdadır, reytinqdə bizdən geridə olduqları üçün DÇ-2028-in ilkin mərhələsindən mübarizəyə başlayacaqlar. Rəqibin oyununu izləmişik, baş məşqçimiz təhlil edib, videoları göstərib. Zəif tərəflərini və onlardan necə istifadə etməli olduğumuzu məşqlərdə öyrənirik. Çətin oyun olacaq, ancaq azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Azərbaycan və Danimarka yığmaları arasındakı yoldaşlıq oyunları yanvarın 22-si və 24-də keçiriləcək.