Emreli Polşa çempionatının ən yaxşı futbolçuları sırasında yer aldı
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın 60 liqasında mövsümə uğurla başlayan futbolçuların statistikalarını açıqlayıb.
"Mediasport" xəbər verir ki, siyahıda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də adı var.
Cari mövsümün əvvəlində Polşanın “Rakuv” klubuna keçən 29 yaşlı forvardın ümumi performans indeksi 100 üzərindən 73,4 balla qiymətləndirilib.
O, xüsusilə hücumun təşkili və son zərbələrin dəqiqliyi üzrə yüksək göstəricilərə malikdir. CIES-in araşdırmasına əsasən, Emrelinin son zərbələr üzrə göstəricisi 75, hava topları üzrə 68,3, oyunu idarəetmə üzrə 59,4, qol epizodları yaratma göstəricisi isə 50,3 faiz təşkil edib.
Futbolçu bu göstərici ilə Ekstraklasanın ən yaxşı 20 oyunçusu arasında 13-cü pillədə qərarlaşıb.
Emreli Polşa çempionatında keçirdiyi 6 oyunda 3 qola imza atıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, göstəricilər "Böyük beşlik" ölkələrinin çempionatlarında oynayan futbolçulara aid edilmir.

