"Son matçlardakı əzmkarlığımızı davam etdirib xal qazanmalıyıq"
“Sabah bizi gərgin və önəmli oyun gözləyir. Evdə çıxış edəcəyik. İslandiya üçün də çox vacib görüşdür".
"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis sabah DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda İslandiya yığmasına qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
O, azarkeşləri sevindirməyə çalışacaqlarını qeyd edib:
"Rəqib şansını davam etdirmək istəyəcək. Oturuşmuş heyətləri, Avropanın böyük futbol ölkələrində çıxış edən futbolçuları var. Yeni baş məşqçinin gəlişindən sonra özünəməxsus oyun nümayiş etdirirlər.
Buna baxmayaraq, futbolçularıma inanıram. Sabah üstünlüyümüz azarkeşlərimiz olacaq. Onların bizi tək qoymayacağını və komandamıza motivasiya verəcəyinə inanıram.
İslandiya son oyunda Fransadan xal alıb. İtkilərimiz olsa belə, milliyə çağırılanlar üçün yeni şans yarana bilər.
Azarkeşlərimizi sevindirməyə çalışacağıq. Gələcəyimiz baxımından bu qarşılaşmalar bizim üçün vacibdir. Son matçlardakı əzmkarlığımızı davam etdirərək xal qazanmalıyıq”.
A.Abbasov əcnəbi futbolçuların milliləşdirilməsinin tərəfdarı olmadığını da açıqlayıb:
"Şəxsi fikrimə görə, belə bir şeyin olmasının tərəfdarı deyiləm. Daha çox yerli futbolçuların heyətdı yer almasını istərdim. Azərbaycanda istedadlı futbolçular var".
8-ci kilometr qəsəbə stadionunda keçiriləcək Azərbaycan - İslandiya oyunu saat 21:00-da başlanacaq.
