İcra başçısı mövsümə uğurla başlayan komandanı qəbul etdi

İcra başçısı mövsümə uğurla başlayan komandanı qəbul etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev “Şəmkir” futbol klubunun rəhbərliyini və komandanın baş məşqçisi Vüqar Nadirovu qəbul edib.

"Mediasport" xəbər verir ki, klubun İdarə heyətinin üzvləri məqsədləri haqqında ətraflı məlumat verib, komandanın gücləndirilməsi yönündə görülən işlərdən danışıblar.

“Şəmkir”in yenidən əvvəlki qüdrətini geri qaytarmaq üçün atılan addımların rayon futbolu adına müsbət məqam kimi dəyərləndirən icra başçısı II Liqanın ilk turlarında qazanılan qələbələr münasibətilə komandanı təbrik edib, bu uğurların klubun özünü təsdiq etməsi ilə yanaşı, rayonun futbol ənənələrinin geri qaytarılması baxımından da mühüm əhəmiyyət kəsb etdiyini bildirib. 

Azarkeşlərin də kluba böyük maraq göstərdiyini deyən icra başçısı, komandanın son dövrlərdə nümayiş etdirdiyi əzmkar və məqsədyönlü oyunlarını yüksək qiymətləndirib, qarşılaşdıqları problemlərlə maraqlanıb.

Daha sonra komandanın yüksək liqalar uğrunda mübarizəsi üçün qarşıda duran məqsədlər, layihələr ətrafında müzakirələr aparılıb.

Rəşad Tağıyev rayonda uşaq futbolunun inkişafının da vacib olduğunu, bu istiqamətdə onlara dəstək olacaqlarını bildirib.

Sonda RİH başçısına “Şəmkir” futbol klubunun forması hədiyyə olunub.