“Qarabağ” FK-nın ASA ilə birgə layihəsinin yekunları təqdim olundu
“Qarabağ” Futbol Klubu Akademiyasının Azərbaycan İdman Akademiyası (ASA) ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Futbol məşqçilərinin peşəkar inkişaf proqramı”nın yekunlarına həsr olunmuş tədbir təşkil edilib.
"Mediasport" xəbər verir ki, açılış nitqi ilə çıxış edən ASA-nın rektoru Fuad Hacıyev Azərbaycan futbolunun inkişafı üçün məşqçilərin nəzəri bilikləri və praktiki təcrübələri ilə yanaşı, pedaqoji bacarıqlarının da artırılmasının vacibliyini vurğulayıb.
Rektor keçirilən təlimlərin məşqçilərin mövcud vəziyyəti düzgün qiymətləndirməsinə və gələcək hədəfləri müəyyənləşdirməsinə kömək edəcəyini bildirib.
O, idman sahəsində peşəkar mütəxəssislərdən ibarət dəstək heyətinin formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb.
“Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl deyib ki, klub rəhbərliyi məşqçilərin və digər əməkdaşların peşəkar inkişafına xüsusi önəm verir.
O bildirib ki, futbolçu yetişdirilməsi zamanı yalnız məşqçilərin şəxsi təcrübəsinə əsaslanmaq kifayət deyil, bu prosesdə elmi yanaşma da vacibdir:
“Qarabağ”ın məqsədi yalnız futbolçu yetişdirmək deyil, həm də vətənini sevən, cəmiyyətə faydalı, yaxşı vətəndaşlar formalaşdırmaqdır. Akademiyaya gələn uşaqların ilk növbədə yaxşı övlad, yaxşı şagird və vətəninə bağlı vətəndaş kimi yetişməsinə çalışırıq. Futbolçu olmaq üçün potensialı olan uşaqlara isə bu istiqamətdə dəstək göstərilir”.
Klub rəsmisinin sözlərinə görə, uşaqlarla birbaşa ünsiyyətdə olan məşqçilərin elmi biliklərinin və peşəkarlıqlarının artırılması vacibdir:
“Bu səbəbdən məşqçilər proqram çərçivəsində keçirilən dərslərdə iştirak ediblər. Bəzi iştirakçılar proqramı uğurla başa vurdu, bəziləri isə müəyyən çətinliklərlə üzləşdi. Amma bildirməliyik ki, bu təlimlər davamlı şəkildə təşkil olunacaq”.
Qeyd edək ki, futbol məşqçilərinin peşəkar inkişaf proqramına avqust ayında start verilib. Proqram ümumilikdə 30 saatı əhatə edib.
Rəsmi çıxışlardan sonra proqram çərçivəsində keçirilən təlimlərdən bəhs edən videoçarx nümayiş etdirilib.
Daha sonra Fuad Hacıyev proqramı uğurla başa vuran “Qarabağ” Akademiyasının məşqçilərini təltif edib. Rektora “Qarabağ”ın forması hədiyyə olunub.





