SON DƏQİQƏ! "Sabah"da onlara "özünüzə komanda tapın" dedilər
Premyer Liqada qış fasiləsinə çempion yollanan "Sabah" iki futbolçusu ilə vidalaşmağa hazırlaşır.
"Mediasport" xəbər verir ki, Masazır təmsilçisi Boyan Letiç və Neqoş Kupusoviçə komandadan ayrılmağı təklif edib.
Adları çempionatda iştirak ərizəsinə salınmayan legionerlərə özlərinə klub tapmaları tövsiyə olunub.
Onlara baş məşqçi Valdas Dambrauskasın planlarına daxil olmadıqları bildirilib.
Tərəflərin yanvarda müqavilələrə qarşılıqlı razılıqla xitam verəcəyi gözlənilir.
Xatırladaq ki, birvaxtlar "bayquşlar"ın aparıcı oyunçusu olan bosniya və herseqovinalı Letiç "Sabah"da 2022-ci ilin fevralından forma geyinir. Onun klubla anlaşması 2026-cı ilin yayına qədərdir.
2024-cü ildən heyətdə olan serbiyalı hücumçu ilə müqavilə isə 2027-ci ilin yayında başa çatmalıdır.
