Həsrət üçqat, Nihat ikiqat, Qurban isə ilk dəfə Avropa çempionu oldu

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempioantına yekun vurulub.
"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandası turniri 12 medalla başa çatdırıb.
Son yarış günündə 3 yunan-Roma güləşçimiz qızıl, biri isə bürünc medal qazanıb.
60 kq-da Nihat Məmmədli, 67 kq-da Həsrət Cəfərov və 82 kq-da Qurban Qurbanov qitə çempionu olublar.
Həsrət karyerasında üçüncü, Nihat ikinci, Qurban böyüklər arasında ilk dəfə Avropa çempionu adına sahib çıxıb.
72 kq-da təmsilçimiz Ülvü Qənizadə AÇ-ni 3-cü sırada başa vurub.
Yarışda daha əvvəl sərbəst güləşçilərimiz 1 qızıl, 1 gümüş və 4 bürünc, yunan-Roma güləşçilərimiz 1 qızıl, 1 bürünc, qadın güləşçilərimiz isə 1 bürünc medal qazanıblar.
Ümumilikdə, sərbəst güləşdə Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq) bürünc, qadınlarda Jalə Əliyeva (57 kq) bürünc, yunan-Roma güləşində Eldəniz Əzizli (55 kq) gümüş, İslam Abbasov (87 kq) bürünc medala layiq görülüb.
Qeyd edək ki, milli komandamız Slovakiyaya 10 sərbəst, 4 qadın və 10 yunan-Roma güləşçisi ilə yollanmışdı.