Azərbaycan birinciliyi keçiriləcək

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə avarçəkmə üzrə Azərbaycan birinciliyi keçiriləcək.
"Mediasport" xəbər verir ki, yeniyetmə və gənclər arasında turnir martın 16-17-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.
Ölkə birinciliyində 2007-2012-ci il təvəllüdlü 100-dən çox idmançı müxtəlif yaş kateqoriyalarında akademik, kayak və kanoe növlərində mübarizə aparacaq.
İdmançılar akademik növdə 1, 2 və 4 nəfərlik qayıqlarda 500, 1000 və 1500 metr, 1 nəfərlik kanoedə 200, 500 və 1000 metr, 1, 2 və 4 nəfərlik kayakda 200, 500 və 1000 metr məsafələrdə medal qazanmağa çalışacaqlar.
İlk dəfə ölkədaxili turnirlərdə 4 nəfərlik kayak qayığında yarış keçiriləcək. Qaliblər diplom və medallarla mükafatlandırılacaq.