Avropa liqalarında ən az uduzan komandaların adları müəyyənləşdi

Avropa liqalarında ən az uduzan komandaların adları müəyyənləşdi

Avropanın daxili çempionatlarında bu mövsüm ən az məğlub olan komandaların adları müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Azərbaycan Premyer Liqasının lideri “Sabah” da siyahının yuxarı sıralarındadır.

Ümumiyyətlə, cari mövsüm “köhnə dünya”da cəmi 9 komanda ölkə çempionatında məğlubiyyət üzü görməyib.

Bunlar “Linkoln” (Cəbəllütariq), “Tre Fiori”, “La Fiorita” (hər ikisi San Marino), “Benfika”, “Portu” (hər ikisi Portuqaliya), “Bayern” (Almaniya), “Vardar” (Şimali Makedoniya), “Fənərbağça” (Türkiyə) və “Slaviya”dır (Çexiya).

Çempionatda keçirdiyi 16 matçın cəmi 1-də məğlub olan “Sabah” isə sıralamada 10-cu pillədədir. Bakılılarla yanaşı, daha 20 komanda passivinə 1 yenilgi yazdırıb.

Onların arasında “Sportinq” (Portuqaliya), “Milan” (İtaliya), “Borussiya” (Dortmund, Almaniya), PSV (Niderland) və “Qalatasaray” (Türkiyə) kimi tanınmış klublar da var.

16 turdan sonra 37 xalla Premyer Liqada turnir cədvəlinə başçılıq edən “Sabah” yeganə məğlubiyyətini 3-cü turda öz meydanında “İmişli”dən (0:1) alıb.