ABŞ-nin Azərbaycandakı səfirliyi milli komandamızı təbrik etdi
ABŞ-nin Azərbaycandakı səfirliyi Bakıda keçirilən cüdo üzrə dünya çempionatında uğurla çıxış edən yığma komandamızı təbrik edib.
"Mediasport" xəbər verir ki, bu barədə səfirliyin rəsmi sosial şəbəkə hesabında paylaşım olunub.
Qeyd edilib ki, Azərbaycan cüdoçuları turnirdə 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar:
"ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon da çempionatı izləyərək ABŞ və Azərbaycan komandalarına azarkeşlik edib.
O, dünyanın müxtəlif ölkələrindən gələn azarkeşlərlə birlikdə idmanın insanları və xalqları bir araya gətirən unikal gücünü vurğulayıb.
Bu həftə isə qonaqları qəbul etmək növbəsi bizdədir! İdman həyəcanı davam edir!
Oktyabrın 12–18-də Las-Veqasda keçirilən 23 yaşadək güləşçilər arasında Dünya Çempionatı dünyanın müxtəlif ölkələrindən olan gənc güləş ulduzlarını bir araya gətirir və bu idman növünə olan ortaq sevgimizi bir daha nümayiş etdirir".
Xatırladaq ki, Azərbaycanın cüdo millisi oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçirilən dünya çempionatında tarixində ilk dəfə 7 medal qazanıb.
Əhməd Yusifov (60 kq) dünya çempionu olub, Zelim Tçkayev (81 kq), Uşangi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc mükafat əldə ediblər.

