"Daim qələbə olsa, kim bizi acılayacaq, kim tənqid edəcək?"
"Bu ölkənin övladlarıyıq. Tənqidləri, narazılıqları övlad kimi qəbul edirik, küsməyə, inciməyə haqqımız yoxdur. Döyüşə girmişiksə, qaçmayacağıq.
"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Komanda.az saytının jurnalistlərin arasında keçirdiyi sorğuda növbəti dəfə ilin ən yaxşı baş məşqçisi seçilən mütəxəssis təəssüratlarını bildirib, fikirlərini bölüşüb.
O, tənqidlərin hamısını normal qarşıladıqlarını bildirib:
Sabah bəlkə yaxşı olmayan nəticələr olar. Amma bu işə əl qoymuşuq, qaçmaq üçün gəlməmişik. Uduzsaq da, şərəflə uduzmaq istəyirik. Bu, bizim prinsipimizdir. Səs verən hər kəsə təşəkkür edirəm.
Bu mövsüm Azərbaycan futbolu üçün uğurlu oldu. Məqsədimiz Çempionlar Liqasının əsas mərhələsinə düşmək idi. Bu mövsüm bacardıq. Rəqiblərə baxanda bəlkə hamı düşünürdü ki, bir qələbə olsun bəsdir. Artıq iki qalibiyyətimiz var. Böyük klublara qarşı özü də. Belə komandaların Azərbaycana gəlməsinə sevinirəm. Xalqımız böyük futbolun nə olduğunu bilir. Hamı da buna hazırlaşır.
Gözləyirsiz ki, bir də belə rəqib Bakıya nə vaxt gələcək. Hər biriniz daha artığına layiqsiz. Son vaxtlar riskli futbol oynayırıq. "Ayaks"la matç komandanın fiziki göstəriciləri ən yuxarı olan oyunu idi. Hər bir oyunçu ən yaxşı səviyyədə qaçmışdı. Bu gün biz 60-70 dəqiqə dözə biliriksə, qarşımıza məqsəd qoyuruq ki, gələcəkdə daha da yuxarıya çataq.
Milli çempionatda 90 dəqiqə ərzində oradakı tempi, sürəti görmürük. Çalışırıq ki, rəqiblərə aciz şəkildə məğlub olmayaq. "Qarabağ" olaraq avrokuboklarda cəsarətimizi daha da artırmışıq. Cəsarət, dözümlülük olmasaydı, istənilən səviyyəyə gəlib çatmazdıq.
Təşəkkür edirəm ki, məni ən yaxşı seçmisiz. Məsuliyyətimiz artır. Bu vətənin övladlarıyıq, hər bir tənqidi övlad kimi qəbul edirik. Fikrinizi azərbaycanlı kimi qəbul edirik. Həmişə düşünürük ki, tənqidlər komandamızın xeyrinədir. Çalışacağıq ki, işimizi daha da yaxşılaşdıraq. Böyük komandalara qarşı oynayaq üçün cəsarətimiz var. Yıxılarıq, durarıq, amma sınmarıq.
Xalqımıza təşəkkür edirəm ki, daim bizimlə olur. Özümüz də kasıblıqla böyümüşük. Daim qələbələr olsa, nə marağı olacaq? Kim bizi acılayacaq, kim tənqid edəcək? Normal qəbul edirəm. Maşında gəlirəm, sağdan biri siqnal verir, soldan biri deyir ki, təşəkkür edirəm. Neqativ heç nə görməmişəmsə, xalqım haqda necə neqativ düşünə bilərəm? Həmişə xalqımla birlikdəyəm. Uduzsaq, həvəsdən düşməməyə çalışacam".
