Məşhur vəkildən maraqlı FAKTLAR: "Hüquqa uyğun olmayan əməldir"

Məşhur vəkildən maraqlı FAKTLAR: "Hüquqa uyğun olmayan əməldir"

Məlum olduğu kimi, AFFA İntizam Komitəsi “Turan Tovuz” klubunu 20 min manat cərimə edib.

“Mediasport” xəbər verir ki, buna Tovuz klubunun Premyer Liqanın 24-cü turunda “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəldikləri matçdan öncə yaydığı bəyanat səbəb olub.

Qərb təmsilçisi oyunun canlı yayımlanmayacağı və VAR sisteminin olmayacağına görə hakim idarəçiliyinin şübhəli ola biləcəyini əsas gətirərək görüşün təxirə salınmasını istəmişdi.

Tanınmış idman hüquşünası Elcan Həsənli feysbuk səhifəsində paylaşım edərək AFFA-nın bu qərarının sui-istifadə olduğunu bildirib.

Vəkil federasiyanın İntizam Məcəlləsində bu barədə hansısa maddə olmadığını açıqlayıb:

“İlk növbədə AFFA İntizam Məcəlləsinin 47-ci maddəsinə baxmaq lazımdır. Həmin maddə AFFA və PFL əməkdaşlarının şərəf və ləyaqətinin alçaldılması adlanır. 

47.1. Əgər futbolçu geniş kütlə qarşısında və ya KİV-də AFFA və PFL əməkdaşlarının şərəf və ləyaqətini alçaldarsa və ya onları təhqir edərsə, həmin oyunçu 5 oyun matçlardan kənarlaşdırılır və klub 10000 (on min) manat məbləğində cərimə edilir.

 47.2. Bu hərəkətləri rəsmi şəxs edərsə o, matçlardan 10 oyun kənarlaşdırılır və klub 20000 (iyirmi min) manat məbləğində cərimə edilir".

Hüquqşünas daha sonra fikirlərini belə izah edib:

"Maddənin məzmunundan da göründüyü kimi “Turan Tovuz”un bəyanatında AFFA və PFL əməkdaşlarının şərəf və ləyaqətinin alçaldılması ilə bağlı hər hansı ifadə yoxdur.

İntizam Komitəsi eyni zamanda qərarında İntizam Komitəsinin 2.4-cü maddəsinə istinad edib.

Həmin maddədə qeyd edilir ki, İntizam Komitəsi cəzanın növünü təyin edərkən yüngülləşdirici və ağırlaşdırıcı halları nəzərə ala bilər. Əgər müvafiq əsasnamə və reqlamentlərdə hər hansı bir məsələ üzrə qaydalar mövcud deyildirsə, onda İntizam Komitəsi hüquq və ədalət prinsiplərinə əsaslanaraq qərar qəbul etmək hüququna malikdir.

Bu maddə ümumilikdə İntizam Komitəsinə çox geniş səlahiyyətlər verib. Yəni İntizam Komitəsi İntizam Məcəlləsində olmayan istənilən məsələ ilə bağlı qərar verə bilər.

Təbii ki, bu, yolverilməz və hüquqa uyğun olmayan əməldir. Hesab edirəm ki, bütün qayda pozuntuları İntizam Məcəlləsində öz əksini tapmalıdır və klublarda əvvəlcədən bilməlidirlər ki, hansı əməli törətsələr, cəzalanacaqlar.

Bu halda isə AFFA-nın İntizam Komitəsinin hüquqdan sui-istifadə etməsinə gətirib çıxarır. Təsəvvür edin ki, siz hər hansı bir əməl törədirsiniz və o əməl İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmayıb. Lakin inzibati orqan sizi həmin əmələ görə istədiyi məbləğdə cərimə edir”.