"Öz oyunumuzu oynayacağıq - "Qarabağ" güclü, ciddi rəqibdir"

"Çətin matç olacağını bilirik. Öz oyunumuzu oynayacağıq. "Qarabağ" güclü, ciddi rəqibdir. İlk qarşılaşmada təəssüf ki, istədiyimiz səviyyədə oynaya bilmədik".
"Mediasport" xəbər verir ki, bu sözləri "Şkendiya"nın yarımmüdafiəçisi Kamer Qaka UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ"la cavab oyunundan öncə keçirilən mətbuat konfransında deyib.
30 yaşlı albaniyalı qitənin bir nömrəli klub turnirinin II təsnifat mərhələsinin FKSB (Rumıniya) ilə matçlarından söz açıb:
"Hər oyunçunun istəyi odur ki, qələbə qazansın. Biz də oyuna bu niyyətlə çıxacağıq. FKSB ilə matçda qazanılan qələbə bu görüş üçün bir fakt deyil".
Daha sonra o, "Qarabağ"ın heyətində hansı oyunçu sizə çətinlik yaratdı?" sualını cavablandırıb:
"Fərd olaraq onu deyə bilmərəm. Futbolçulara fərdi fikir vermirəm. Futbol komanda oyunudur və "Qarabağ" da kollektiv oynayır. Ona görə ad çəkməyəcəyəm".
Xatırladaq ki, "Qarabağ" - "Şkendiya" oyunu bu gün saat 20:00-da start götürəcək.