İqor Angelovski: "Azərbaycan D divizionunda olmağa layiq deyil"

İqor Angelovski: "Azərbaycan D divizionunda olmağa layiq deyil"

"İlk olaraq Azərbaycan millisini qələbə münasibətilə təbrik edirəm. Həqiqətən çox çətin oldu".

"Mediasport" xəbər verir ki, bu sözləri Tacikistan milli futbol komandasının baş məşqçisi İqor Angelovski deyib.

Makedoniyalı mütəxəssis Bakıda Azərbaycan yığması ilə baş tutan yoldaşlıq oyunu haqda danışıb, 0:1 hesablı məğlubiyyəti şərh edib:

"Azərbaycan millisində keyfiyyətli oyunçular çoxdur. Onlar bundan çox yaxşı istifadə etdi. Toral Bayramov kimi standart vəziyyəti yaxşı vuran oyunçunuz var.

Bizim də qol vurmaq imkanımız var idi.  Hər iki komandanın qol vurmaq üçün imkanları oldu. Sonda komandamızın imkanı var idi. Təəssüf istifadə edə bilmədik".


Məğlubiyyətinizə əsas səbəb nə oldu?

- Komandam bu gün yaxşı oynadı. Qol vura bilmədik. Bizim də keyfiyyətli oyunçularımız var. Hamısını analiz edəcəyik.

Şimali Makedoniya millisinin baş məşqçisi kimi Azərbaycana qarşı komandanı meydana çıxarmışdınız. Bu gün isə Tacikistan millisinin baş məşqçisi kimi bunu etdiniz. Azərbaycan millisini necə müqayisə edərdiniz?

- Müqayisə aparmaq çox çətindir. Çünki o vaxtdan 5-6 il keçib. İndiki oyunçular fərqlidir, səhv etmirəmsə, o vaxtdan Emin Mahmudov və Mahir Emreli qalıb millidə. Yeni oyunçular var. Müqayisə apara bilmirik. Azərbaycan D divizionunda olmağa layiq deyil. Ümidvaram ki, xallar qazanaraq daha yaxşı yerlərə çıxacaq.

Azərbaycan millisində sizi təəccübləndirən sonra kim oldu?

- Gözləyirdim ki, oyunçularınız yaxşı oynayacaqlar. Ümid edirəm ki, futbolçularınız fərdi səviyyədə özlərini inkişaf etdirərlər, klubların göstərdiyi nailiyyətləri milli yığma da göstərər. Futbolçulara, ölkəyə gözəl nailiyyətlər arzu edirəm.

Oleq Baklovu start heyətində meydana buraxmağınızın səbəbi azərbaycanlı futbolçuları yaxşı tanımasından irəli gəlirdi?

- Yoldaşlıq oyunudur. Məqsədimiz Asiya Kubokuna hazırlıqdır. Tacikistan tarixində ikinci dəfə bu yarışda iştirak edəcək. Bu oyunlar ərəfəsində müxtəlif versiyaları nəzərdən keçiririk. Çox gözəl üç qapıçımız var. Bu dəfə Oleqdən istifadə etdik. Amma bu o demək deyil ki, həmişə o olacaq. Digərlərini də yoxlayacağıq ki, hər kəsin keyfiyyətinə bələd olaq.