"Hər zaman bir plan var: çıx, oyna və qazan" - Yuri Vernidubun şərhi

"Hər zaman bir plan var: çıx, oyna və qazan" - Yuri Vernidubun şərhi

"Bir il əvvəl Ukraynada “Krivbass”da çalışırdım. Həmin vaxt, səhv etmirəmsə, aprelin 4-ü idi. Uşaq meydançasına ballistik raket atılmışdı və 9 uşaq həlak olmuşdu. 9 uşaqla yanaşı, 21 böyük də ölmüşdü. Vaxt keçsə də, bunu xatırlayıram. Bunu deməli idim".

"Mediasport" xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Yuri Vernidub deyib.

Ukraynalı mütəxəssis Azərbaycan Premyer Liqasının 26-cı turunun "Sumqayıt"la səfər oyunundan (3:1) sonra düşüncələrini bölüşüb, jurnalistlərin suallarını cavablandırıb.


Bu gün qələbə qazanmaq üçün əvvəlki matçlarda olan nəyisə dəyişmişdiniz?

– İşləyirik, çox çalışırıq. Futbolçuların yaxşı əhvalı var. Bütün oyunçular oynamaq istəyir. İşimiz indi daha asan olub. Sadəcə, heyəti seçməliyəm. Özünüz də görürsünüz, bu gün komanda gözəl performans sərgilədi. Kifayət qədər qol epizodları yaratdıq, fərq böyük ola bilərdi. Buraxdığımız qoldan sonra yaxşı reaksiya göstərdik. Məşqçi kimi mənim üçün önəmli olan budur.

Qarşıda “Qarabağ”la 2 oyun var. Digər rəqiblər isə “Zirə” və “Araz-Naxçıvan”dır. Komanda fasilədən necə qayıdıb? Bu oyunlara hansı dərəcədə hazırsınız?

– Uşaqlara demişəm ki, ağır aprel ayı var. 5 oyunumuz olacaq və ardıcıl güclü rəqiblərlə oynayacağıq. Bu, əladır. Bu oyunları səbirsizliklə gözləyirəm. Komandamın nəyə qadir olduğunu görmək istəyirəm. Bu matçları bir nəfəslə keçə bilsək, yaxşı olacaq.

Emin Mahmudovun durumu necədir?

– Ondan böyük gözləntilərim var. Düşünürəm ki, 1-2 gün sonra məşqlərə qoşulacaq. Bilirsiniz, kapitandır. Kapitanla oyun bir cürdür, kapitansız başqa cür. Meydandakı idarəetmə baxımından çətinliklər ola bilir. Emin hər il yaşlanır, amma daha da yaxşılaşır.

Turnir cədvəlində sizdən yuxarıda olan komandalarla matçlarda adətən xal itirirsiniz. Qarşıda da sizi məhz avrokuboka getmək istəyən kollektivlərlə oyunlar gözləyir. Fərqli planınız olacaq?

– Bizim üçün hər zaman bir plan var: çıx, oyna və qazan. Necə olacağını görəcəyik.

Plan eynidirsə, nə üçün iddialı komandalarla oyunlarda xal qazanmaq çətin olur?

– Hər oyun üçün plan var. İndi bunu deyə bilmərəm. Rəqiblərin güclü və zəif tərəflərini bilirik. Tək A yox, B planımız da var.

Bəzi taktiki dəyişikliklər etmişdiniz. Varqası hücumda oynadırdınız. Abubakar ehtiyatda olsa da, start “11-lik”də mərkəz hücumçusu buraxmamağınız nə ilə bağlıdır?

– Varqas ikinci oyundur hücumçu kimi oynayır. Yaxşı da alınır. Sambunun bəzi kiçik problemləri var. Hələ də bizimlə məşq etmir. Abubakar da hələ tam formasını yığmayıb. Buna görə startda Varqas oynadı.

“Turan Tovuz” – “Zirə” oyunundakı mübahisəli hakim qərarları ilə bağlı nə deyə bilərsiniz?

– Hakimlər bizim də xətrimizə dəyib. Lakin onlar da insandır, səhv edə bilərlər. Bəli, belə qərarlar məğlub olan komanda üçün ağır olur. Mən gücümü komandama həsr edirəm, digər amillərə fikir vermirəm. Ukraynada olanda da hakimlər məni "sevirdilər", indi də.