Kənan Sadıqlı Əfran İsmayılovu uzaqlaşdırdı: "Bu ödənişlərdən mənim niyə xəbərim yoxdur?"
Dünən "Şəfa"da özünü əsas söz sahibi kimi aparan vitse-prezident Əfran ismayılovun sponsor və dövlətin ayırdığı büdcə vəsaitini lüzumsuz yerə israf etməsi xəbərini çatdırmışdıq.
Bu gün isə öyrəndik ki, artıq rəhbərlər arasında münasibətlər gözəçarpacaq dərəcədə soyuyub. Faktiki klub prezidenti olan Kənan Sadıqlı ilə İsmayılovun arası dəyib.
Veteran futbolçunun özbaşınalığı gənc rəhbərin ciddi narazılığına, qəzəbinə səbəb olub. Aralarında "söz davası" keçib.
Klubdan redaksiyamıza verilən məlumata görə, Kənan Sadıqlı artıq büdcəyə yersiz müdaxilələrə - israfçılığa görə İsmayılovu yanından uzaqlaşdırıb, onu ümumiyyətlə yaxınına buraxmır.
Sadıqlı İsmayılova artıq xərclərin haradan və niyə yarandığını soruşub - Qarşı tərəf xəbərsiz olduğunu deyərək boynundan atıb.
Klub prezidenti mühasibatlığa rəsmi qəbzlərin araşdırılmasını tapşırıb və onun icazəsi olmadan edilən ödənişlərin həddindən artıq olduğunu görüncə bərk əsəbləşib (dünən məlumat vermişdik ki, Əfran İsmayılov iki həftə əvvəl Qəbələ səfərində məskunlaşdıqları hotelin ən bahalı otağını sifariş edib və buna görə 1 gecə üçün klubun hesabından təxminən 2630 manat ödənilib - https://mediasport.com.az/efran-ismayilov-sefanin-pullarini-bahali-otellerde-nece-xercleyir).
O, "Bu ödənişlərdən mənim niyə xəbərim yoxdur?" sualını ünvanlayınca Əfran İsmayılov cavab verə bilməyərək xəbərsiz olduğunu göstərməyə çalışıb.
Yığmanın sabiq üzvünün kluba gətirilməsinə "ok" verdiyinə peşman olan Kənan Sadıqlı artıq matçlarda İsmayılovla yanaşı oturmur, onu "SKY Box"a buraxmırlar.
Klub rəhbəri "İmişli" ilə oyunda vitse-prezidenti tribunaya göndərib.
Sadıqlı özü isə xüsusi zonada kiminlə əyləşsə, yaxşıdır? - Əfran İsmayılov komandaya gələr-gəlməz buradan uzaqlaşdırdığı yaxın qohumu Sərdar Salmanzadə ilə. Son turun "İmişli" ilə oyununda olduğu kimi.
Qısası, Sadıqlı yaxın qohumu ilə arasını vuran Əfran İsmayılovu ən qısa zamanda klubdan göndərməyin yollarını götür-qoy edir.
Bir sözlə, proseslər getdikcə maraqlı forma alır. Bizi izləməkdə davam edin.
Mediasport.com.az


