"İlk matçın burda olması rəqib üçün avantajlıdır" - Qurban Qurbanov

"Vacib oyuna çıxırıq. İlk matçın burda olması rəqib üçün daha avantajlıdır. Çünki iki yaxşı qələbədən sonra öz meydanlarında bizi qəbul edəcəklər".
"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" ilə oyunundan öncə keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis öncə Şimali Makedoniya təmsilçisinin II təsnifat mərhələsindəki çıxışından söz açıb:
"Yaxşı komandaya qarşı hər iki oyunu qazanıblar. İstəkli komandaya qarşı oynayacağıq. Hazırıq və sabah sona kimi xarakterimizi göstərməliyik. “Şkendiya” bərk və istəkli komandadır. Çalışacağıq ki, yaxşı oyunla mübarizə aparaq və sona kimi oyundan qopmayaq. Yaxşı nəticə ilə burdan ayrılmaq istəyirik. Qarşımızda iki ardıcıl qələbəsi olan komanda var. Bizi çətin oyun gözləyir".
Çalışdırıcı "Şkendiya"nın güclü, zəif tərəfləri nələrdir?" sualını cavablandırıb:
"Hər iki oyununu izləmişəm. Bunları burda deməyə ehtiyac yoxdur. Hər birimizin güclü və zəif tərəfi var. Düşündüyümüz oyunu qurmalıyıq. Rəqibə imkan verməməliyik ki, oyununu göstərsin. Bu rəqibə qarşı 90 dəqiqə çox diqqətli olmalıyıq. Oyun planında səhvlər etməməliyik".
Qurban Qurbanov pley-off mərhələsində "köhlən atlar"ın potensial rəqibləri haqqında da fikirlərini bölüşüb:
"Qarşıda iki komanda var. Məğlub olsaq da, qalib gəlsək də, bunlardan biri ilə oynayacağıq. Daha əvvəl üz-üzə gəldiyimiz rəqiblərdir. Fərqi yoxdur, ya Avropa Liqası, ya Çempionlar Liqası – bu rəqiblərlə matçlar azarkeşlər tərəfindən yaxşı marağa səbəb olacaq. Bu oyunu oynayaq, daha sonra ətraflı danışarıq".
"Şkendiya" və "Qarabağ" arasında ilk oyun sabah Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.