"2 qələbədən sonra göylərdə uçmaq lazım deyil" - Yuri Vernidub
"Mediasport" "Neftçi"nin baş məşqçisi Yuri Vernidubun Premyer Liqanın 2-ci turunun "Araz-Naxçıvan"la oyunundan (5:0) sonra mətbuat konfransında səsləndirdiyi fikirləri təqdim edir.
"Neftçi" digər komandalara nisbətdə təlim-məşq toplanışına daha tez başladı. Komandanın hazırda daha yaxşı oyun sərgiləməsini bu amilə bağlamaq olar?
- Mənə bu suala cavab vermək çətindir. Bəli, daha tez başlamışdıq təlim-məşq toplanışına. Bundan əvvəl "Sumqayıt"la matçda da yaxşı oyun sərgiləmişdik. Bu gün "Araz-Naxçıvan"ın yox, "Neftçi"nin günü idi. Rəqib pis komanda deyil. Yaxşı da oynayırdılar. Sadəcə, belə alındı. İlk hissədə yaxşı pressinq edə bildik.
İkinci hissədə 1 qol vurmağınız və qol epizodlarının boşa xərclənməsi sizi narahat etdi?
- Birinci hissədə 4:0-dan sonra ikinci hissədə bunu davam etdirmək çətin olur. Çoxlu epizodlarımız oldu, lakin bunu dəyərləndirə bilmədik. Emil Balayev 3 real qoldan bizi xilas etdi. Onu da təbrik etmək istəyirəm.
Son illərə baxsaq, "Neftçi"nin belə uğurlu start etdiyini görməmişdik...
- Hər bir futbolçuya təşəkkür etmək istəyirəm. "Dinamo" ilə matçdan sonra narahat idim. Lakin futbolçular öz üzərində çox işlədiklərini sübüt etdilər. Hər biri göstərdilər ki, adları böyük hərflərlə yazılan futbolçulardır. Bizi qarşıda çətin "Zirə" matçı gözləyir. O matç da maraqlı olacaq. İlk 2 qələbədən sonra göylərdə uçmaq lazım deyil. Növbəti matçlara hazırlaşmaq lazımdır. Çempionat çətindir. Kifayət qədər bərabər səviyyəli komandalardan təşkil olunan çempionatdır.
Zirvədə qalmaq çətindir. "Qarabağ" və "Sabah"ın avrokuboklardakı davamlı çıxışının sizə çempionatda daha çox kömək edəcəyini nəzərə alsaq, onlara azarkeşlik edəcəksiniz?
- Bəli, onlara dəstək olacam. Azərbaycan klubları olaraq onları dəstəkləmək lazımdır. Qazanılan hər bir xal Azərbaycan futbolu adına bir uğurdur.
"Sumqayıt"la və bu gün keçirilən matçda da künc zərbələrindən fərqləndiniz.
- Önəmlsi də odur ki, çempionata baxsaq, çox qollar standart vəziyyətlərdən vurulur. Biz də hər matçdan əvvəl buna xüsusi çalışırıq. Rəqib komandanı analiz edərkən də bütün epizodları nəzərə alırıq.
"Dinamo" (Minsk) məğlubiyyəti sizin yadınızdan çıxmır və bu gün də o məqamı xatırladınız...
- Bu məğlubiyyət mövsümün sonuna kimi yadımdan çıxmayacaq. Bütün məsuliyyət mənimdir. Məhz ona görə də yenə sizdən üzr istəyirəm. Çalışacam ki, bir daha sizi məyus etməyim.


