"Kopenhagen"in Bakıda meydana loqosuz formada çıxmasının maraqlı SƏBƏBİ müəyyənləşdi

Dünən UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turu çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olan Danimarkanın "Kopenhagen" klubunun futbolçuları meydana forma üzərində sponsor loqosu olmadan çıxıblar.
"Mediasport" xəbər verir ki, bunun xüsusi səbəbi var imiş.
Daha doğrusu, skandinavlar Azərbaycan qanunvericiliyinin tələblərinə riayət etməli olublar.
Danimarka çempionunun baş sponsoru mərc şirkətidir və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.9-cu maddəsinə əsasən, ölkə ərazisində keçirilməsi qadağan edilmiş və qeydiyyata alınmamış idman mərc oyunlarının və lotereyaların reklamına icazə verilmir.
Azərbaycan qanunvericiliyinə əsasən, yalnız ölkə ərazisində rəsmi şəkildə lisenziyalaşdırılmış və qanuni fəaliyyət göstərən mərc saytlarının reklamına və nümayişinə icazə verilir.
Xatırladaq ki, görüş təmsilçimizin 2:0 hesablı inamlı qələbəsilə yekunlaşıb.