"Tofiq Bəhramov"da aşan ağac ərazidən nə vaxt götürüləcək?

Bir neçə gün əvvəl ölkə ərazisində qeydə alınan qeyri-sabit havanın mənfi təsirləri Tofiq Bəhramov adına Respublika stadionundan da yan ötməyib.
Güclü külək mərkəzi arenanın ərazisində köklü ağaclardan birinin aşmasına səbəb olub.
Komandaların və jurnalistlərin stadiona daxil olduğu ərazidə yolun bir hissəsini kəsən ağacın ərazidən götürülməsi bu günlərdə həyata keçiriləcək.
Bu barədə "Mediasport"a "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib. Ağdam klubunun rəsmisi bildirib ki, məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinə məlumat verilib:
"Aşan ağacın ətrafına təhlükəsizlik məqsədi ilə dəmir çəpərlər düzülüb. Qəzalı ağaclara Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi nəzarət edir. Stadion rəhbərliyi aidiyyəti quruma rəsmi müraciət ünvanlayıb, qarşı tərəflə müqavilə bağlanılıb. Ən qısa zamanda ağac ərazidən evakuasiya ediləcək".
A.Hacıyev prosesin bir qədər yubanmasının səbəbini belə izah edib:
"Bildiyiniz kimi, ölkə ərazisində ötən həftə bir neçə gün davam edən qeyri-sabit hava ilə əlaqədar paytaxtda çox sayda belə hadisə qeydə alınıb. Aidiyyəti qurum hazırda bu işlərlə məşğuldur. Qısa müddətdə stadionda aşan ağacı da təhlükəsiz şəraitdə ərazidən kənarlaşdıracaqlar".
Qeyd edək ki, Respublika stadionu Gənclər və İdman Nazirliyinin balansındadır və "Qarabağ" Futbol Klubu arenadan icarə əsasında istifadə edir.