"Biz məğlub olsaq da, yaxşı oyun nümayiş etdirdiyimizi düşünürəm

"Biz məğlub olsaq da, yaxşı oyun nümayiş etdirdiyimizi düşünürəm

"Birinci hissədə buraxdığımız səhvdən sonra qol yedik və komandada müəyyən eniş yarandı. Fikrimcə, ikinci hissəyə yaxşı başladıq. Fasilədə danışdığımız plan öz nəticəsini verdi".

"Mediasport" xəbər verir ki, bu sözləri qadınlar futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.

O, Macarıstanla keçiriləcən dünya çempionatının seçmə mərhələsinin oyunundan sonra (1:2) qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:

"Belə rəqibə qarşı ən kiçik səhv belə təhlükəlidir. Bunun nəticəsini də gördük. Biz məğlub olsaq da, yaxşı oyun nümayiş etdirdiyimizi düşünürəm. Qızlar sona qədər mübarizə apardılar və xarakter göstərdilər".

Çalışdırıcı komandasının növbəti görüşdə mütləq qalib gəlməli olduğunu vurğulayıb:

"Rəqib orta xətdə dəyişiklik edərək say üstünlüyü yaradırdı. Belə vəziyyətdə bizim iki yarımmüdafiəçimizin üzərinə böyük yük düşürdü və onlar məcburən daha çox qaçmalı olurdular. Bu da təbii ki, oyunun gedişinə təsir göstərdi.

Bu görüşdə komanda çox güc sərf etdi. Qarşıda daha bir oyunumuz var və düşünürəm ki, o da çətin keçəcək. Ancaq həmin matçda mütləq qələbə qazanmalıyıq".

Xatırladaq ki, millimiz iyunun 9-da Bitola şəhərindəki "Petar Miloşevski" stadionunda Şimali Makedoniya futbolçuları ilə qarşılaşacaqlar.