"Start heyətində meydana çıxanlar başa düşməlidirlər ki..." - Çxadadze
"Oyuna çox pis başladıq. İlk dəqiqələrdə 2 qol buraxdıq. "Turan Tovuz" kimi təcrübəli komandaya qarşı sonradan oyunu toparlamaq çətindir".
"Mediasport" xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Kaxaber Çxadadze deyib.
Gürcüstanlı mütəxəssis Premyer Liqanın 14-cü turundan təxirə salınmış "Turan Tovuz"la matç haqda danışıb:
"Rəqibin 2-ci qolundan sonra bir neçə fürsətimiz oldu. Təəssüf ki, onları reallaşdıra bilmədik. Fərqlənə bilsəydik, bəlkə də oyun başqa cür ola bilərdi.
İkinci hissənin əvvəlində isə öz qapımıza qol vurduq. Bundan sonra komanda istədiyi kimi oynaya bilmədi. "Turan Tovuz" müdafiədə çox diqqətli oynayır. Onların müdafiə xəttini yarmaq çox çətin olur.
Bizim üçün hər oyun vacibdir. Aydın məsələdir ki, "Karvan-Yevlax"la matç final kimidir. Dörd gündən bir oyun oynayırıq. Bu da çətindir. Belə hallarda heyətdə rotasiyalar vacibdir.
Start heyətində meydana çıxanlar başa düşməlidirlər ki, özlərini göstərməlidirlər.
Hamı öz üzərində bu cür işləməlidir. Komanda 11 nəfərdən ibarət deyil. Digər futbolçular da xeyir verməlidir".
Xatırladaq ki, "Qəbələ" doğma meydanda 0:3 hesabı ilə uduzub.
