Mahir Emreli "Nürnberq"dəki vəziyyəti ilə bağlı AÇIQLAMA yaydı

Mahir Emreli "Nürnberq"dəki vəziyyəti ilə bağlı AÇIQLAMA yaydı

Almaniya 2-ci Bundesliqasının son iki turunda adı oyunların iştirak ərizəsinə salınmayan və "Nürnberq"dən ayrılacağı deyilən Azərbaycan millisinin futbolçusu Mahir Emreli yaranmış vəziyyətə aydınlıq gətirib.

"Mediasport" xəbər verir ki, 28 yaşlı hüumçu sosial şəbəkə hesabında paylaşım edib.

O, azarkeşlərə müraciət edərək klubda qalmaq istədiyini və növbəti oyunu səbirsizliklə gözlədiyini vurğulayıb:

"Son bir neçə gün ərzində mənimlə bağlı yayılan məlumatlara aydınlıq gətirmək üçün sizə müraciət edərək, anlaşılmazlığı aradan qaldırmaq istəyirəm. Mən "Nürnberq"in futbolçusuyam, səbirsizliklə meydanda və ondan kənarda əldə olunacaq uğurlu anları gözləyirəm.

Əsas məqsədim komandanın ən yüksək nəticələr qazanmasıdır. İlk gündən bildirmişəm ki, sizi öz çıxışım və qollarımla sevindirmək üçün əlimdən gələni edəcəyəm. Nürnberq özümü xoşbəxt hiss etdiyim məkandır və səylə çalışmaq üçün tam motivasiyalıyam. İndi bütün diqqətlər növbəti oyunadır - sizin dəstəyinizə ehtiyacımız var və Hannoverdə 3 xal üçün birlikdə mübarizə aparacağıq".