AMADA rəhbərliyi Strasburqda T-DO-nun 60-cı iclasına qatıldı

Avropa Şurasının Antidopinq Konvensiyasının Monitorinq Qrupu (T-DO) Strasburqda keçirilən 60-cı iclasını başa vuraraq, idmanda dopinqlə mübarizə sahəsində mühüm addımlar atıb.
"Mediasport" xəbər verir ki, üzv dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri antidopinq siyasətləri, davam edən təşəbbüslər və gələcək dövr üçün yeni rəhbərliyin seçilməsi ilə bağlı müzakirələr aparıblar.
İclasda ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Sonra T-DO-nun müxtəlif strukturlarına rəhbər vəzifələrə seçkilər keçirilib. Mixal Rinkovski (Polşa) Monitorinq Qrupunun sədri, Mehmet Yoğurtcuoğlu (Türkiyə) sədr müavini, Paul Ouseley (Birləşmiş Krallıq) Uyğunluq, Fredrik Lauritzen (Norveç) Elm üzrə Məsləhət Qrupunun sədri seçiliblər.
Səsverməyə əsasən, Florian Kavel (Fransa) Hüquqi məsələlər və Erik Duiven (Niderland) isə Təhsil üzrə Məsləhət Qrupuna yenidən rəhbərlik edəcəklər.
Yeni seçilmiş rəhbərlik, Monitorinq Qrupunun uyğunluq, maarifləndirmə, hüquqi çərçivələr və elmi inkişaf sahəsində fəaliyyətini daha da gücləndirmək üçün mühüm rol oynayacaq.
İclas çərçivəsində iştirakçılar Avropada antidopinq siyasətinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın təşviqi və Antidopinq Konvensiyasına uyğunluğun təmin edilməsi istiqamətində yüksək səviyyəli müzakirələr aparıblar.
Yeni rəhbərlik, Ümumdünya Antidopinq Agentliyi (WADA), Beynəlxalq Olimpiya Komitəsi (IOC) və milli antidopinq təşkilatları ilə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Monitorinq Qrupunun yeni sədri Mixal Rinkovski antidopinq səylərinin daha da inkişaf etdirilməsinə və qrupun qlobal antidopinq sistemindəki rolunun möhkəmləndirilməsinə sadiq olduğunu bildirib.
"Bu məsuliyyət mənim üçün böyük şərəfdir. İdmanın dürüstlüyünü qorumaq və dopinqlə mübarizədə birgə səylərimizi gücləndirmək üçün bütün maraqlı tərəflərlə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm", – deyə Rynkovski qeyd edib.
T-DO, antidopinq siyasətinin formalaşdırılmasında və Antidopinq Konvensiyasına uyğunluğun təmin edilməsində mühüm platforma olaraq, Avropa Şurasının təmiz idman və ədalətli rəqabət prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir.