"Qrupda Haiti yığması ilə biz ikincilik uğrunda mübarizə aparırıq"
“Futbolçuları təbrik edirəm. Onlar buna layiq idilər və qələbə qazandılar".
"Mediasport" xəbər verir ki, bunu futbol üzrə U-15 Azərbaycan milli komandasının baş məşqçisi Famil Xəlilov deyib.
Mütəxəssis yığmamızın Bakıda keçirilən U-15 Dünya Kuboku və Festivalında İsrail yığması ilə matçını dəyərləndirib, 3:1 hesablı qələbəni şərh edib:
"Avstraliyaya məğlubiyyətdən sonra futbolçularım ruhdan düşmədilər, oyuna daha yaxşı hazırlaşaraq geridönüş etməyi bacardılar.
Uşaqlar bu təzyiqin öhdəsindən gələ bildilər. Bizi sevindirən amillərdən biri də budur”.
O, qrupdakı vəziyyəti də dəyərləndirib:
“Avstraliya qrupu böyük ehtimalla lider kimi başa vuracaq. Bizim və Haiti yığmalarının 9 xalı var və ikincilik uğrunda mübarizə aparırıq.
Növbəti oyunda heç-heçə və ya qələbə qazanmaq qrupu ikinci pillədə başa vurmağımıza imkan verəcək. Bütün diqqətimizi buna yönəltmişik”.
Qeyd edək ki, Timor-Leste və Andorraya qalib (6:0, 1:0) gəlib Avstraliyaya uduzan (1:3) U-15 bu gün saat 18:15-də Hövsan Yarış Kompleksində Haiti millisi ilə qarşılaşacaq.

