İki qadın güləşçimiz 1/8 finalda uduzdu, Abbasov medalsız qaldı
Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, bu gün Azərbaycanın iki qadın güləşçisi mübarizəyə qoşulub.
Lakin 57 kq çəki dərəcəsində Jalə Əliyeva və 65 kq-da Birgül Soltanova ümidləri doğrultmayıblar. Hər iki təmsilçimiz 1/8 finalda uduzub.
Onların rəqibləri finala çıxsalar, hər iki atletin bürünc medal şansı yaranacaq.
Bürünc medal şansı olan yunan-Roma güləşçimiz İslam Abbasov isə yarışı uğursuz başa vurub. O, ikinci təsəlliverici görüşdə gürcü Laşa Qobadze ilə bacarmayıb.
Qeyd edək ki, Azərbaycan komandası axşam seansında iki medal qazana bilər.
Nihat Məmmədli (63 kq) finalda Karen Aslanyanla (Ermənistan) qarşılaşacaq, Həsrət Cəfərov (67 kq) bürünc medal üçün güləşəcək.
DÇ noyabrın 1-də yekunlaşacaq.
Komandamızın hesabında hələlik 2 medal var - yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu olublar.

